Dünyanın ən xoşbəxt ölkəsi Butan dəyişikliklər ərəfəsində
Ölkə Çin və Hindistan arasında yerləşir
Butanın dünyanın ən xoşbəxt ölkəsi hesab edilməsinə baxmayaraq, onun bir çox sakininin dəyişən zaman qarşısında dünyagörüşlərini dəyişdirməyə böyük ehtiyacı var.
Himalay dağlarında, dünyanın ən sıx məskunlaşdığı iki ölkə - Çin və Hindistan arasında yerləşən Butan uzun müddətdir dünyaya Ümummilli Xoşbəxtlik İndeksinin (ÜXİ) ifadə edilməsi məkanı kimi tanınır. 2023 il ÜXİ indeksi butanlıların 93,6 faizinin özünü xoşbəxt hesab etdiyini göstərib.
700 min əhalisi olan Butan dünyada televiziyanı populyarlaşdıran sonuncu ölkədir, çünki proqramlar yalnız 1999-cu ildən, hökumət televiziya və internetə qoyulan qadağanı ləğv etdikdən sonra müntəzəm olaraq yayımlanır.
Tədricən açılan Butan turistlərdən davamlı inkişaf haqqı (turizm vergisi) olaraq gündə 100 ABŞ dolları alması siyasəti ilə tanınan cəlbedici dini və təbiət turizmi məkanına çevrilib.
Ənənəvi Himalay buddist mədəniyyəti Butanı qlobal inkişaf tendensiyalarından ayırıb.
Lakin BMT və Oksford Universitetinin 2024-cü ilə dair Ümumdünya Xoşbəxtlik haqqında Hesabatında Butan 143 ölkə arasında yalnız 95-ci yerdə qərarlaşıb, bunun əsas səbəbi də Butanın zəngin olmamasıdır. Bu gün bir çox butanlı da xoşbəxt həyatla bağlı əks fikirdədir.
“Humans of Thimpu” Facebook səhifəsinin inzibatçısı Tandin Fubzanın sözlərinə görə, butanlılar əvvəllər "həqiqətən xoşbəxt idilər", lakin müasir texnologiyanın gəlişi ilə darıxmağa başlayıblar.
“Butan mənəviyyatının çox güclü təsirə malik olduğu buddist ölkədir. Lakin hansısa yolla smartfon və televizorlar insanlara səhər və axşam ibadətini unutdurur. Bunun əvəzinə onlar “TikTok”a baxır və sosial şəbəkələrdən fəal istifadə edirlər”, - deyə Fubz bildirib.
Butanlılar qürur duyurlar ki, Thimphu dünyada işıqfor olmayan yeganə paytaxtdır, bütün mağazalar butanlılara məxsusdur və onlar tərəfindən idarə olunur. Bu, həm də beynəlxalq brendi o qədər də çox olmayan nadir ölkədir.
Dünyanı araşdırmaq üçün Himalay dağlarını tərk etmək Butanda asan məsələ deyil. Ölkənin paytaxtı Thimphuda cəmi üç səfirlik var. Bu o deməkdir ki, əksər beynəlxalq münasibətlər Hindistanın vasitəçiliyini tələb edir. Butanın pul vahidi ngultrum Hindistan rupisinə bağlıdır. Əksər mağazalar və müəssisələr hər iki valyutanı qəbul edir.
Butanın yeganə beynəlxalq hava limanı Paro Beynəlxalq Hava Limanı (PBH), dünyanın ən gözəl uçuş-enmə zolaqlarına malik olan aeroportlarındandır. Lakin o iki dağ arasındakı vadidə yerləşir və bura yalnız kiçik təyyarələr təhlükəsiz şəkildə enib-qalxır. Bu səbəbdən PBH yalnız yaxınlıqdakı Banqkok, Dəkkə, Katmandu və Yeni Dehliyə qısa məsafəli uçuşlar təklif edir.
Butanda adambaşına orta gəlir ildə 1400 ABŞ dolları təşkil edir. Banqkoka uçuşun qiyməti təxminən 350 ABŞ dolları olduğu üçün beynəlxalq səyahət əksər yerli sakin üçün əlçatmazdır.
Bu şərtlərə baxmayaraq, getdikcə daha çox gənc oxumaq və işləmək üçün Butanı tərk edir. Səlahiyyətlilər bu tendensiyanın Yaponiya, Cənubi Koreya və digər Asiya ölkələrində olduğu kimi əhalinin yaş balansının pozulmasına səbəb olacağından narahatdırlar.
COVID-19 pandemiyası Butanın əsas gəlir mənbələrindən olan turizmə ziyan vurdu, iqtisadi tənəzzülə və bir çox insanın çətinliklərlə üzləşməsinə səbəb oldu. Bir çox insan həm də sosial təcrid zamanı psixoloji problemlərlə qarşılaşıb.
Hindistanla sərhədə yaxın 10 min nəfər əhalisi olan Gelephu şəhəri Kral Ciqme Xesar Namqyel Vanqçuk tərəfindən “Yeni zehinlilik şəhəri”nin tikintisi üçün ərazi olaraq seçilib. Bu layihə çərçivəsində Butan böyük təyyarələrin Yaxın Şərqə, Avropaya və onun hüdudlarından kənara uçmasına imkan verən daha uzun uçuş-enmə zolağına malik yeni, daha böyük beynəlxalq hava limanı inşa edəcək. Lakin butanlılar onları gözləyən dəyişikliklərə uyğunlaşmaqla bağlı tərəddüd içindədirlər.