Qazaxıstanda referendumun ilkin nəticələri YENİLƏNİB
Bu barədə Mərkəzi Referendum Komissiyası məlumat yayıb
12:57
Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyası bazar günü keçirilmiş referendumun ilkin nəticələrini açıqlayıb.
Komissiyanın məlumatına görə, 5 milyon 561 min 937 vətəndaş (səsvermədə iştirak edənlərin 71,12 faizi) Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisinin lehinə səs verib. 2 milyon 45 min 271 nəfər isə əleyhinə səs verib.
Ümumilikdə 12 milyon 284 min 487 vətəndaş səsvermə hüququna malik olub və onlardan 7 milyon 820 min 204 nəfəri referendumda iştirak edib.
Səsvermə hüququ olanların 50 faizdən çoxu iştirak etdiyi üçün referendum baş tutmuş hesab edilir.
Qeyd edək ki, oktyabr 6-da Qazaxıstanda atom elektrik stansiyasının tikintisi məsələsi üzrə referendum keçirilib. Bu referendumda Qazaxıstan Respublikası vətəndaşları ölkədə atom energetikasının lazım olub-olmadığına dair qərar veriblər.
***
10:42
Qazaxıstanda Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı layihənin lehinə səs verən ölkə vətəndaşlarının sayı 5 milyon 561 min 937 nəfər (71,12 %) təşkil edib.
Bu barədə Mərkəzi Referendum Komissiyası məlumat yayıb.
Referendumda iştirak etmək hüququ olan vətəndaşların 63,66 %-i və ya 7 milyon 820 min 204 nəfər səsvermədə iştirak edib.