Reuters: Əhməd əl-Şaraa Putindən Əsədin "başını" istəyəcək
Suriya Prezidenti Rusiyada işgüzar səfərdədir FOTO

16:20
"Reuters" Suriya rəsmi mənbəsinə istinadən xəbər verir ki, Əhməd əl-Şaraa Moskvaya səfəri zamanı Suriyanın keçmiş prezidenti Bəşər Əsədin suriyalılara qarşı cinayətlərə görə mühakimə olunmaq üçün ekstradisiyasını rəsmi şəkildə tələb edəcək.
Bundan əlavə, Əhməd əl-Şaraa Rusiyanın Tartusdakı hərbi dəniz bazası və Xmeymimdəki aviabazasının mövcudluğunun davam etdirilməsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır.
***
15:58
Vladimir Putin Rusiyada işgüzar səfərdə olan Suriya Prezidenti Əhməd əl-Şara ilə Kremldə danışıqlar aparır.
Gündəliyə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə Rusiya-Suriya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, həmçinin Yaxın Şərqdəki vəziyyət daxildir.
Rusiya tərəfini təmsil edən iclasda xarici işlər naziri Sergey Lavrov, Baş nazirin müavini Aleksandr Novak, Prezidentin İcra Aparatı rəhbərinin müavini Maksim Oreşkin, Prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İ.Kostyukov iştirak edir.
***
14:41
Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvaya çatıb.
Bu barədə “SANA” agentliyi xəbər verir.
Qeyd edək ki, bu Suriya Prezidenti Əhməd əl-Şaraanın Rusiyaya ilk rəsmi səfəridir.
Onun rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi görüşdə ikitərəfli və regional məsələlərin müzakirə olunacağı, eləcə də sabiq Suriya lideri Bəşər Əsədin Suriyaya ekstradisiya olunması ilə bağlı Putinə müraciət ünvanlayacağı gözlənilir.