Ekofəallar Laçın-Xankəndi yolunda ağac əkiblər
Ekofəalların etiraz aksiyası aprelin 28-də saat 18:00-dan etibarən dayandırıldığından iştirakçılar ərazini mərhələləri şəkildə tərk edirlər
Qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri dinc etiraz aksiyasının iştirakçıları aksiyanın başa çatmasının ertəsi günü – aprelin 29-da həmin ərazidə ağaclar əkiblər.
Ekofəalların etiraz aksiyası aprelin 28-də saat 18:00-dan etibarən dayandırıldığından iştirakçılar ərazini mərhələləri şəkildə tərk edirlər. Ekofəallar ərazini tərk etməzdən əvvəl aksiya yerini təmizləyir və ərazidə müxtəlif növ ağaclar əkirlər.
Xatırladaq ki, ekofəallar dekabrın 12-də başladıqları və həmin gündən etibarən 138 gün ərzində fasiləsiz davam etdirdikləri aksiyanı Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazimizdə, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulmasını və bununla da yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilməsini, tələblərinə qismən nail olduqlarını, eləcə də dövlət nümayəndələri tərəfindən dəfələrlə edilən müraciətləri nəzərə alaraq aprelin 28-də saat 18:00-dan etibarən dayandırıblar. Ekofəallar bununla bağlı səsləndirdikləri bəyanatda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərinin qüvvədə qaldığını və bu tələbləri yerinə yetirilməyəcəyi təqdirdə aksiyanı yenidən bərpa edəcəklərini bildiriblər.