Emin olmağın yolu - Məhəmməd Əmin Rəsulzadə
Bu veriliş ANS televiziyasında 31.01.2015-ci ildə çəkilib və yayımlanıb.
Veriliş Məhəmməd Əmin Rəsulzadəyə həsr edilib.O, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şurasının sədri, AXC Parlamentində "Müsavat" və bitərəflər fraksiyasının sədri olmuşdur. Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il, yanvar ayının 31-də Bakının Novxanı kəndində anadan olub. İlk təhsilini Sultan Məcid Qənizadənin 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, Bakı texniki məktəbini bitirmişdir. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaratmış və ona başçılıq etmişdir. Rəsulzadə Azərbaycanın motbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Tədqiqatlar göstərir ki, onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ədəbi-publisistik fəaliyyətini siyasi mühacirət illərindo də davam etdirmiş, Azərbaycan xalqının tarixi və ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələr dərc etdirmişdir. Bu dovrdə "Yeni Qafqasya" (1923), "Azəri Türk" (1928), "Odlu yurd" (1929), "Qurtuluş" (1934), "Müsavat bülleteni" (1936), "Azərbaycan" (1952) jurnallarını, "İstiqlal" (1932) qəzetini nəşr etdirmişdir. Rəsulzadə Ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir. 1955-ci il, mart ayının 6-da Ankarada vəfat etmiş və həmin şəhərin Əsri qəbristanında dəfn olunmuşdur.