
Son statistikaya görə, ölkəmizdə 1.6 milyon minik avtomobili var.
Azərbaycanda hər 1000 nəfərə düşən avtomobil sayı 171, hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin ortalama sayı isə 62-dir. Qeyd edək ki, bu rəqəm 10 il əvvəl 52 idi. Statistikalar onu deməyə əsas verir ki, ölkədə şəxsi minik avtomobillərinin sayında son 5 ildə ciddi artım müşahidə olunur. Regionlar arasında avtomobillərin paylanmasında isə qeyri-bərabərlik olduğu müşahidə edilir.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ölkədə hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin ən yüksək göstəricisi Bakının payına düşür. Belə ki, paytaxtda hər 100 ailədən sadəcə 3-ü avtomobilsiz hesab edilir.
Şəxsi minik avtomobillərinin çox olduğu digər bölgələr Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları hesab edilir.
Statistikalara görə bu ərazilərdə hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı aşağıdakı kimidir:
Xocalı – 84
Xocavənd – 83
Qubadlı – 78
Şuşa – 76
Ağdam – 68
Zəngilan, Füzuli – 63
Laçın, Cəbrayıl – 61
Bundan əlavə, Azərbaycanda ən çox avtomobil ölkənin Şimal-Qərb ərazisinə aiddir. Belə ki, Qazax, Göygöl, Tovuzda hər 100 ailəyə düşən şəxsi avtomobillərin sayı 61, Şəmkirdə isə 65-dir. Şəhərlərə gəldikdə isə, Sumqayıtda bu göstərici 60, Gəncədə 62, Mingəçevirdə 44, Naftalanda 57, Şəki və Şirvanda 51, Yevlaxda isə 50-dir.