Ər-Riyadda ərəb və müsəlman ölkələrinin nazirləri toplaşıb
Azərbaycana tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edir YENILƏNİB
09:00
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaxın Şərq regionunda təhlükəsizlik və sabitliyin dəstəklənməsi yollarının müzakirəsi və əlaqələndirilməsi məqsədilə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən nazirlərin məsləhətləşmə xarakterli görüşündə iştirak edib.
XİN-dən verilən xəbərə görə, müzakirələr zamanı nazir fevralın 28-dən etibarən regionda yaranmış ciddi böhranın aradan qaldırılmasının təcili olduğunu vurğulayıb.
Qeyd olunub ki, eskalasiyanın nəticələri ayrı-ayrı ölkələrlə məhdudlaşmır, daha geniş regional və qlobal risklər yaradır, mülki şəxslərin həyatını və infrastrukturu təhlükə altına qoyur.
Nazir iştirakçılara martın 5-də İran ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumlar barədə məlumat verib. Hücum nəticəsində 4 mülki şəxs xəsarət alıb, Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla kritik infrastruktura ciddi ziyan dəyib.
Bildirilib ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq əzmini bütün legitim vasitələrlə nümayiş etdirərək operativ və qətiyyətli şəkildə cavab verib.
Nazir İran tərəfinin hadisə ilə bağlı hərtərəfli araşdırma aparılacağına dair verdiyi təminatların yerinə yetiriləcəyinə və bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlərin görüləcəyinə ümid edildiyini qeyd edib.
Eyni zamanda, nazir yaranmış müharibə şəraitindən sonra Azərbaycanın atdığı addımlar, o cümlədən İrana göstərilən humanitar yardım barədə məlumat verib. Bildirilib ki, son yardım martın 18-də Novruz və Ramazan bayramı ərəfəsində göndərilib, həmçinin Azərbaycanın ərazisindən üçüncü ölkələr tərəfindən yardımın çatdırılmasına və mülki şəxslərin təxliyəsinə şərait yaradılıb.
Vurğulanıb ki, münaqişənin coğrafiyasının genişlənməsi təhlükəlidir və dərhal dayandırılmalıdır. Regional dövlətlərin hədəfə alınmasının davam etməsinin parçalanmanı dərinləşdirdiyi və uzunmüddətli sabitliyi sarsıtdığı qeyd olunub.
Bu kontekstdə region ölkələrinin sülh və təhlükəsizliyin təmin olunmasında məsuliyyət və sahiblik prinsipinin əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda bildirilib ki, beynəlxalq hüququn əsas prinsiplərinə – suverenliyə və ərazi bütövlüyünə hörmət, gücdən istifadə etməmək və daxili işlərə qarışmamaq kimi prinsiplərə ciddi riayət olunması regionda dayanıqlı sülh və sabitliyə aparan yeganə yoldur.
***
2026.03.18 22:20
Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib.
Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Ceyhun Bayramovu Kral Xalid Beynəlxalq Hava Limanında bu ölkənin xarici işlər nazirinin müavini Vəlid əl-Xarici qarşılayıb.
Qeyd edək ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
***
14:41
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 18 mart 2026-cı il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə XİN-dən məlumat verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri bu axşam Ər-Riyadda "regionda təhlükəsizlik və sabitliyin dəstəklənməsi yolları ilə bağlı məsləhətləşmələri və koordinasiyanı davam etdirmək" üçün görüşəcəklər.
4 dəqiqə