Ərdoğan Trampla telefonla danışıb
Türkiyə Prezidenti amerikalı həmkarını Türkiyəyə səfərə dəvət edib

Türkiyə Prezidenti Ərdoğan amerikalı həmkarı Trampla telefon danışığı apararaq onu Türkiyəyə səfərə dəvət edib.
Söhbət zamanı Ərdoğan Ankaranın Vaşinqtonla, xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb. O, Trampın sülh təşəbbüslərini, o cümlədən Ukraynada müharibəyə son qoymaq və İranla danışıqlar aparmaq səylərini dəstəklədiyini bildirib.
O, həmçinin Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb və ABŞ-ın regionda sabitliyə töhfə verən sanksiyaların yumşaldılması istiqamətində atdığı addımları alqışlayıb.
ABŞ Prezidenti Donald Tramp telefon danışığı haqda sosial şəbəkədə paylaşım edib.
Paylaşımda deyilir:
"Mən indicə Türkiyə Prezidenti Rəcəb Ərdoğanla bir çox mövzularda, o cümlədən Rusiya/Ukrayna ilə müharibə, Suriya, Qəzza və digər mövzularda çox yaxşı və məhsuldar telefon danışığım oldu. Prezident məni gələcək tarixdə Türkiyəyə getməyə dəvət etdi və eyni şəkildə o da Vaşinqtona gələcək. Prezident olduğum dörd il ərzində prezident Ərdoğanla münasibətim əla idi.
Bir çox məsələlərdə, o cümlədən həbsdə olan Pastor Endryu Brunsonun, mənim xahişimlə dərhal Birləşmiş Ştatlara qaytarılmasına kömək etməsi də daxil olmaqla, birlikdə işlədik. Hər halda, Rusiya ilə Ukrayna arasındakı gülünc, lakin ölümcül müharibənin sona çatması üçün prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm – DƏRHAL!".