Ərdoğandan İlham Əliyevə Zəfər Günü təbriki
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident, Əziz Qardaşım!
Onilliklər boyu işğal altında qalmış əzəli Azərbaycan torpaqlarının ana Vətənə geri qaytarıldığı Zəfər Gününün üçüncü ildönümü münasibətilə başda Zati-aliniz olmaqla bütün can azərbaycanlı qardaş və bacılarımı Türk milləti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Cümhuriyyətimizin yaranmasının və xatirəsini ehtiramla yad etdiyimiz Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunduğu 2023-cü ildə bu mübarək Zəfər Gününü qeyd etməkdən böyük qürur duyuram.
Cari ilin sentyabr ayında Qarabağda dəqiqliklə həyata keçirdiyiniz antiterror əməliyyatı Ali Baş Komandanlığınızla böyük zəhmət və fədakarlıq hesabına əldə edilmiş bu bənzərsiz qələbəni taclandırdı. Zati-alinizin şəxsən ucaltdığı şanlı Azərbaycan Bayrağının indi bütün Vətən səmalarında dalğalanması Türkiyə Respublikası və bütün Türk dünyası üçün böyük sevinc və fərəh mənbəyi olmuşdur.
Vətən uğrunda şəhid olan bütün azərbaycanlı qardaşlarıma Uca Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.
İşğaldan azad edilmiş bölgələrdə apardığınız bərpa və yenidənqurma işlərini təqdirlə izlədiyimi və Türkiyə olaraq bütün məsələlərdə olduğu kimi, bu məsələdə də hər zaman yanınızda olmağa davam edəcəyimizi vurğulamaq istəyirəm.
"Bir millət, iki dövlət" şüarı ilə təcəssüm olunan, "Sevincdə və kədərdə birlik" anlayışı ilə yoğurulan və Zati-alinizlə imzaladığımız Şuşa Bəyannaməsi ilə taclanan sarsılmaz qardaşlıq və müttəfiqlik bağlarımızdan aldığımız güclə ölkələrimizin əmin-amanlığı və rifahı ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində bütün addımları bu günə qədər olduğu kimi, bundan sonra da birlikdə atacağıq.
Əziz Qardaşım, fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi, can Azərbaycan xalqının rifahı ilə bağlı ən xoş arzularımı bir daha çatdırıram.
Zəfərimiz mübarək, birliyimiz əbədi olsun!
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti".