Ermənistan ərazisində internet itib
Bunu yol tikintisi işləri zamanı rabitə kanallarının bir neçə yerdə zədələnməsi ilə izah edirlər
Ermənistanın əsas internet provayderi "Team Telecom Armenia" məlumat yayıb.
Məlumatda deyilir: "Yol tikintisi işləri zamanı şirkətin beynəlxalq rabitə kanalları bir neçə yerdə zədələnib, nəticədə stasionar və mobil internet xidmətlərinə çıxış məhdudlaşıb".
Lakin qeyd edək ki, yerli abunəçilərin fikrincə, internetlə bağlı problemlər təkcə "Team Telecom" operatorunda deyil, başqa provayderlərdə də müşahidə olunur.
Məlum olub ki, problem Azərbaycanla sərhəddə yerləşən Kirants kəndində olub (çox güman ki, fiber optik kabelə toxunub və ya köçürülüb).
Burada işğalda olan dörd kəndin Azərbaycana qaytarılması ilə əlaqədar Ermənistan-Gürcüstan yolu və Azərbaycanla sərhəd yenidən qurulur. Ermənistan interneti optik kabel vasitəsi ilə Gürcüstandan alır.
“Hazırda problem Kirants kəndi ilə bağlıdır, müvafiq əməkdaşlar internet bağlantısını tez bir zamanda bərpa etmək üçün oradadırlar”, - yerli sakinlər bildirib.
Qeyd edək ki, hal-hazırda hadisə yerinə ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və rayonun qubernatoru Ayk Qlumyan gəliblər.