Ermənistanın baş naziri N.Paşinyanın Rusiya və İrandan uzaqlaşıb Qərblə yaxınlaşmaq istəyi Tehranın erməni mərkəzli Qafqaz siyasətinin iflasıdır. Görünür, Azərbaycan və Türkiyə ilə müxtəlif problemlər bahasına olsa belə, Ermənistanı dəstəkləyən İran “İrəvanın könlünü” yetərincə ala bilməyərək ikiqat itkiyə uğrayıb.
İrəvan administrasiyası İranla olan münasibətlərinin Qərbin, xüsusilə ABŞ-ın gözündə öz dəyərini aşağı saldığını bilir. Paşinyanın hazırki hədəflərindən biri də Ermənistan-İran münasibətlərini İrəvanın Qərblə münasibətlərinə xələl gətirməyəcək şəkildə yenidən qurmaqdır. İkinci Qarabağ savaşı və ondan sonrakı dövrdə aydın oldu ki, İranın Ermənistanı qorumaq imkanları göstəriləndən çox aşağıdır. Üstəlik, İrəvan bilir ki, Rusiya İranın Ermənistanda çox təsirli olmasını istəmir.
Ermənistanın Qərblə müttəfiqlik axtarışları İranın ənənəvi Qafqaz siyasətinə ziddir. İran administrasiyası ABŞ, Aİ və NATO-nun Qafqaz regionuna təsirini həyati təhlükə hesab edir. İranın Qafqazda Rusiyanı prioritetləşdirmək siyasətinin səbəblərindən biri də Moskvanın köməyi ilə Qərbin bölgəyə girməsinin qarşısını almaqdır. Bu strategiyaya uyğun olaraq Tehran bölgə dövlətlərinin NATO və Aİ kimi təşkilatlara inteqrasiyasına qarşıdır.
ABŞ-ın Ermənistan vasitəsilə regiona nüfuzu ehtimalı Tehranı çıxılmaz vəziyyətə salır və İranın siyasi-ideoloji təbliğatının iflasını təsdiqləyir. Prezident İ.Rəisinin Zəngəzur dəhlizini “NATO dəhlizi” adlandıraraq ona qarşı çıxdığı bir vaxtda Qərblə müttəfiqlik etmək istəyən Ermənistanı dəstəkləməsi isə açıq-aşkar ziddiyyətdir.
Ermənistanın Qərblə yaxınlaşması mahiyyətcə İranın Azərbaycan siyasətinin yanlışlığı deməkdir və bu kontekstdə Azərbaycana qarşı təcavüzkar siyasətinin davam etdirilməsinin çox ciddi risklər daşıdığını göstərir. Bu, Ermənistan naminə Azərbaycanı itirməyin regionun reallıqları ilə uzlaşmadığını, Azərbaycanla yaxşı münasibətlərin zəruriliyini də sübut edir. Belə şəraitdə, Tehranın Bakı ilə gərginliyi azaltmaq siyasəti onun üçün ən yaxşı çıxış yolu ola bilər. İran Qərbin Ermənistan vasitəsilə regiona daxil olmasını istəmirsə, Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmalıdır.
Tehran “Ermənistanı Qərb yox, İran qoruya bilər” deyə bəyan edir, lakin Ermənistan administrasiyası İranın təklifinə müsbət yanaşmır. Ermənistanla bağlı Rusiya ilə Qərb arasında gərginliyin artması Moskvanın radikallaşmasına səbəb ola bilər. Halbuki, İran öz sərhədində “ikinci Ukraynanın” yaranmasını istəmir. İran hərbi rəsmilərinin son günlərdəki “Qafqazda müharibə bitməlidir”, “Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra müharibəyə ehtiyac yoxdur” və “Regiona xarici qüvvələrin girməsinə ehtiyac yoxdur” açıqlamaları bu çərçivədə dəyərləndirilməlidir.
Tehran Ermənistan məsələsini Qərb-İran gərginliyinə çevirmək istəmir. O, həm də qlobal miqyasda Avropa və ABŞ-dakı erməni diasporu üzərində müəyyən söz sahibi olmağı, erməni diasporu vasitəsilə yəhudi diasporunun təsirini azaltmağı hədəfləyir.
Ermənistanın Qərblə yaxınlaşması Rusiyanın Azərbaycan və Türkiyəyə ehtiyacını artıra bilər. Belə vəziyyətdə Rusiyanın İranı deyil, Azərbaycanı seçəcəyi ehtimalı yüksəkdir. Moskvanın Paşinyanı cəzalandırmaq məqsədilə Azərbaycana yaxınlaşmaq siqnalları Tehran üçün arzuolunmaz hadisədir. İkinci Qarabağ müharibəsindən sonrakı proseslər göstərdi ki, Rusiya Suriyada effektiv nəticələr verən Tehran-Moskva hərbi əməkdaşlığının Qafqaza keçməsini istəmir.
İran Qərbin hərbi mövcudluğunun bölgəyə daxil olmasını istəməsə də, xüsusilə avropalıların Zəngəzur dəhlizi ilə bağlı həssaslıqlarını artırmasına çalışır. Bu mövzuda İranla Fransa rəsmiləri bir neçə dəfə görüşüblər. Tehran Qərbi Zəngəzurda Avropa diplomatik nümayəndəliklərinin açılmasını özü üçün faydalı sayır. İran rəsmilərinin fikrincə, ərazidə avropalıların olması “Azərbaycan və Türkiyənin Zəngəzuru işğal etməsi” imkanlarını azalda bilər. Lakin İran Aİ-Ermənistan yaxınlaşmasının yeni ittifaqa səbəb olmasını istəmir
Bu ziddiyyətli reallıq həm də Tehran üçün idarə edilməsi çətin olan yeni dilemma yaradır.