Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
Həmin vaxt 15 mülki şəxs ölüb, 55 nəfər yaralanıb
Vətən müharibəsi dövründə oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutmasından 4 il ötür.
2020-ci il oktyabrın 17-də erməni silahlı birləşmələrinin şəhəri “Skat” ballistik raketləri ilə hədəf alması nəticəsində 15 mülki şəxs ölüb, 55 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma), 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıdakı, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.
Düşmənin silahlı qüvvələri oktyabrın 17-də gecə saat 01 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən artıq uzaqlıqdakı iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.