Fərrux Zakirova “Xalq artisti” fəxri adı verilib FOTO
Bu barədə Sərəncamı İlham Əliyev imzalayıb
Prezident İlham Əliyev F.K.Zakirova “Xalq artisti” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Fərrux Kərimoviç Zakirova “Xalq artisti” fəxri adı verilib.
Özbək və sovet estrada müğənnisi, bəstəkar və aktyor, məşhur “Yalla” ansamblının (1976-cı ildən) bədii rəhbəri olan Fərrux Zakirov 16 aprel 1946-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə professional musiqiçilər ailəsində anadan olub.
Müğənni yeddi respublika-dövlətin xalq artisti sayılır. Özbəkistanın Dövlət mükafatı laureatıdır. 2002-ci ilin mayından 2004-cü ilin iyul ayına kimi Özbəkistanın mədəniyyət nazirinin müavini olub.
Atası – bariton opera müğənnisi Kərim Zakirov Özbəkistan SSR-nin xalq artisti (1939) və Əlişir Nəvai adına Özbəkistan Dövlət opera və balet teatrının solisti, anası – Şahistə Səidova da həmçinin müğənni, xalq mahnılarının ifaçısı, Mukimi adına Daşkənd musiqili dram və komediya teatrının solisti idi. Valideynləri Moskva konservatoriyasında təhsil alarkən tanış olub, sonra ailə qurublar.
Ailədə 5 oğul və 1 qız övladı var idi: Batır, Luiza, Nofəl, Cəmşid, Fərrux, Rövşən.
Övladlar aparıcı özbək artistlərinin və o dövrün müğənnilərinin tez-tez gəldiyi qonaqpərvər evdə böyüyüblər. Sənət və yaradıcılıq atmosferi ailədə övladlara erkən yaşlarından hopub. Beləliklə, Daşkənddə musiqi sahəsində parlayan Zakirovlar nəsli yetişib.
Eyni zamanda, Fərrux Zakirovun qardaşlarından Batır (1985-ci ildə vəfat edib) və Cəmşid, həmçinin bacısı Luiza və bacısının qızı Nərgiz Zakirova da müğənnidirlər.