BLOQ

Firdovsi 55 yaşında... və hələ də səhnədədir!

(Tamaşaçılar alqışlayır... bəlkə də)

Firdovsi 55 yaşında... və hələ də səhnədədir!
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Salam, dostlar! Bu gün 7 iyundur… Tarixdə mühüm bir gündür! Çünki düz 55 il əvvəl Azərbaycanın ən sakit aktyoru – Firdovsi Nurəddin oğlu Atakişiyev dünyaya gəlib.

    Firdovsi o qədər sakitdir ki, bir sıra tamaşalarında dostları onun adını “proqramka”ya yazmasaydı, tamaşaçılar onu səhnədə axtarıb tapa bilməyəcəkdilər.

    Ümumiyyətlə, dostlar onun həyatında mühüm rol oynayıb. Bildiyimiz kimi, Firdovsi 1992-ci ildə İncəsənət İnstitutunu bitirib və... Diplom işi olaraq “Tiq-tiq xanım” pyesində siçan rolunu məharətlə canlandırdıqdan sonra dostları ona dedilər ki, "Sən əla aktyorsan!" – və... bu zarafat onun həyat yolunu müəyyənləşdirdi!

    Elə həmin ildən bu günə kimi Firdovsi Rus Dram Teatrında çalışır. Niyə? Çünki digər teatrlar bu zarafatı ciddi qəbul etmədilər!

    Rus Dram Teatrını seçməkdə Firdovsinin iki səbəbi var idi: birincisi, elə bilirdi ki, rus dilində yaxşı danışır; ikincisi isə özünü dramatik janrda görürdü. Təəssüf ki, burada da “öz planlarını səsləndirmə, şeytan da eşidir” prinsipi işə düşdü və Firdovsi doğrudan da əsl dramatik aktyora çevrildi!

    Konstantin Stanislavski, Nemiroviç-Dançenko, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski və digər tanınmış aktyorlar kimi Firdovsi də ağır bir aktyor yolundan keçdi. Bu daşıdığı ağırlıq, təbii ki, onun ayaqlarında da özünü göstərdi. Hətta dostlar onun ayağının həddindən artıq “ağır” olduğuna görə onu sevə-sevə “Teymurləng” deyə çağırırdılar.

    Xatırlayırsınızsa, elə o zamanlarda Firdovsi Lider TV-də “Bakımız” layihəsinin aparıcısı kimi fəaliyyət göstərməyə başlamışdı. Nəticə isə ağır oldu. “Bakımız” barədə danışmayacağam – onu hamı mənsiz də bilir, amma Lider TV bir müddət sonra bağlandı. TV-nin sahibi, dostum Ədalət indiyədək bağlanmağın səbəbini bilmir. Amma biz bilirik… şşşş! Sözsüz, bunu heç kimə deməyəcəyik.

    Sözün düzü, ANS bağlanandan sonra mən də çox düşündüm… Sonra yadıma “Gülsatan qız…” düşdü. Axı Firdovsi mənim yanıma, ANS-ə də bir neçə dəfə təşrif buyurmuşdu...

    Hə-ə... Dramatik aktyorların həyatında zarafatın yeri ağır olur. Amma zarafat bir yana, heç kim inkar edə bilməz ki, Firdovsi 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdü. Məncə, o gün Cabbarlı həyatda olsaydı, özü də təəccüblənərdi... Amma bir tərəfdən yaxşı ki, ölülər o dünyadadır, dirilər isə bu dünyada. Kiminsə adı qalır, kiminsə mükafatı, kiminsə adına verilən layiqli mükafat...

    Çox az adam bilir ki, Firdovsi eyni zamanda Prezident Mükafatına da layiq görülüb. Rəhmətlik Lao Tzi deyərdi ki: “İstəmirsənsə ki, evinə oğrular gəlsin – Prezident mükafatçısı olduğunu heç kimə demə!”. Yox, mən heç kimin pulunu saymaq niyyətində deyiləm, bir də ki, 500 manatlıq mükafatı saymağa bir ay vaxt gedəcək. Bu hadisədə maraqlı məqam heç də pul deyil. Maraqlı olan mükafatın verilmə tarixləridir – 9 may 2024 – Faşizm üzərində Qələbə Günü və 8 may 2025 – Şuşanın faşistlər tərəfindən işğal edildiyi gün. Bir tərəfdən faşistlərin məğlubiyyəti, digər tərəfdən isə onların müvəqqəti qələbəsi... Görünür, onun aktyorluğunda elə məqamlar var ki, Mədəniyyət Nazirliyi onu hələ də “tapa bilmir”. Məncə, gələn il həmin bir illik mükafat 21 mart 2026-cı il – Novruz Bayramı günü veriləndə hər şey öz yerinə düşəcək, inşaAllah!

    Sözsüz ki, hər bir aktyor mükafatları ilə deyil, oynadığı rollarla tanınır. Firdovsi isə çox rol oynayıb. O qədər çox rol oynayıb ki, bəzən özü də anlamır – o roldadır, yoxsa real həyatdadır. Rollarının arasında “Təhminə və Zaur”da Nadir obrazı da var. Bilmirəm bu seçimdir, yoxsa təsadüf, roldur və ya real həyat... Amma Firdovsi bu rolu da o qədər sakit oynadı ki, sonda Təhminə dedi: “Zaur, səni yox, Nadiri seçirəm. O nadir tapıntıdır, sakit adamdır, başım ağrımayacaq...”.

    Nə deyim, Firdovsi, səni sevirik. Zarafatlarımız boldur, amma ürəkdən gəlir. Sən səhnənin səssiz bombasısan – bəzən şad tamaşaçıların alqışları sənin üçün partlayır, bəzən tamaşanın qurtarmasına şad olan tamaşaçıların alqışları özləri partlayır... Amma sən həmişə oradasan – səhnədə.

    55 yaşın mübarək! Qoy səhnənin işıqları sənin üçün heç vaxt sönməsin… və telekanallar bağlanmasın!