BLOQ

"Forbes": "Minalardan üzümlüklərə"

Müharibədən sonra Azərbaycanda bərpa səyləri

"Forbes": "Minalardan üzümlüklərə"
  • Oxuma müddəti:

    10 dəqiqə

  • Dünyanın ən məşhur nəşrlərindən olan "Forbes"də Azərbaycanın üzləşdiyi mina problemi və bu sahədə görülən işlər haqqında məqalə yayımlanıb.

    Məqalədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) və "Sülhün kökləri" təşkilatının ("Roots of Peace"), eləcə də minatəmizləmə fəaliyyəti ilə məşğul olan təşkilatların birgə fəaliyyəti, minalardan təmizlənmiş torpaqların kənd təsərrüfatına qaytarılması və üzüm bağlarının salınması təşəbbüsləri xüsusi vurğulanır. Yazıdan aydın olur ki, xanım Heidi Künün ANAMA və BAMF ilə əməkdaşlıq çərçivəsində Azərbaycana səfəri mina probleminin həllinə qlobal diqqətin artırılmasına xidmət edir.

    Heidi Kün (solda)

    Məqalə, həmçinin Qarabağda bərpa layihələrinin reallaşdırılması və bölgənin potensialının dünya ictimaiyyətinə tanıdılması məqsədi daşıyır. Məqalədə deyilir:

    “Əlim titrəyə-titrəyə qələmdəm yapışdım və "AB-pozitiv" sözlərini ziyarətçinin qeyd dəftərinə yazmağa başladım. Hər bir hərəkət, sükut içində ifadə olunmayan həqiqətin sarsıdıcı təsdiqi idi. Ürək döyüntülərimin səsi yaxınlıqda gözləyən iki təcili yardım maşınının motorlarının səbirsiz xırıltısını boğurdu.

    Hələ bir ay əvvəl 2023-cü il Borlauq Dialoqunda — Ayova ştatında Dünya Ərzaq Mükafatı Fondunun hər il keçirilən ərzaq təhlükəsizliyi konfransında Dünya Ərzaq Mükafatı laureatı və "Sülhün kökləri" adlı qeyri-hökumət təşkilatının vizyoner qurucusu Heidi Künla tanış olmuşdum. 25 ildir ki, bu təşkilat müharibənin yaralarını ümid toxumlarına çevirmiş, minalanmış əraziləri məhsuldar kənd təsərrüfatı torpaqlarına çevirmək üçün yorulmadan çalışır.

    Bir neçə həftə sonra Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Konfransı - COP29-da hər ikimizin iştirak edəcəyini öyrəndikdə, Heidi mənə "Mənimlə birgə gedək," - dedi və məqsədli intonasiya ilə əlavə etdi - "Qarabağın minalanmış sahələrində gəzmək üçün".

    Beləliklə, bir ay sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qara rəngli SUV avtomobilinin arxa oturacağında idik. Bakıdan Ağdama doğru dörd saatlıq yolu qət edirdik, avtomobil yavaş-yavaş irəliləyirdi. İşimizin ciddiliyi aramızdakı gülüş və pıçıltı ilə bölüşülən etiraflarla yumşalırdı. Bir-birimizin əlindən bərk-bərk tutmuşduq. İki ana olaraq, qəlbimiz qətiyyətlə dolu idi və övladlarımız haqqında danışırdıq - ortaq insanlığımız yaxınlaşan təhlükənin kölgəsi altında açıq-aşkar görünürdü.

    Avtomobilin ön oturacağında BAMF-ın prezidenti Umud Mirzəyev oturmuşdu. Sakitliyi və təvazökar qətiyyəti ilə səfərimizi təşkil edirdi. Təkcə Azərbaycanda minatəmizləmə səylərini yorulmadan irəlilədən və daha təhlükəsiz bir gələcəyə çağıran bir QHT rəhbəri yox, həm də üzümçülüklə məşğul olan ailədə doğulmuş qarabağlı idi. Heidi ilə onun arasındakı münasibətlər ortaq məqsəd və bərpa inancı ilə möhkəmlənmiş, onların hər ikisinin bərpa etməyə can atdığı torpaq qədər davamlı dostluğa çevrilmişdi.

    Əvvəlki ziyarətlərindən birində, Heidi və Mirzəyev Tərtərdə rəmzi olaraq bir üzüm tənəyi əkmişdilər. Bu, sadə, lakin dərin məna kəsb edən hərəkət idi - dağıntılardan sonra həyatın yenidən başlaya biləcəyinə sözsüz vəd idi. Avtomobilimiz Ağdamın təhlükəli sahələrinə doğru irəlilədikcə, Mirzəyevin sabit və möhkəm duruşu həmin vədin yükünü daşıyırdı.

    Qarşımızdakı Ağdam - bir zamanlar canlı olan şəhər mərkəzi indi müharibənin çirkin izlərini üzə çıxarırdı. Ərazidə qalan evlərin qalıqları, pas atmış sınıq-salxaq avtomobillər və boş sahələr müharibənin dağıdıcı təsirinin ürəkağrıdan şahidlərinə çevrilmişdi.

    Lakin viran qalmış bu ərazinin altında Azərbaycanın qədim şərabçılıq ənənələrinin dərin köklərinin dayandığı tarix yatır. Ağdam yaxınlığında aparılan arxeoloji qazıntılar, 3 min 500 il əvvələ aid üzüm toxumları və daşlaşmış gil qablar ortaya çıxarmışdı. Bir zamanlar Azərbaycana məxsus unikal üzüm sortlarının yetişdirildiyi bu torpaqlar itirilmiş dəyərlərin kədərli xatırladıcısı olmaqla yanaşı, yenidən çiçəklənə biləcək gələcəyin rəmzidir.

    Prezident İlham Əliyevin xüsusi nümayəndəsi Elçin Əmirbəyovla apardığım müzakirələr müharibənin dəhşətli təsirlərini göz önünə sərdi. Azərbaycan dünyada ən çox minalanmış beş ölkədən biridir. 1990-cı illərdən bəri yerləşdirilmiş 1.5 milyondan çox mina və partlamamış sursat 12 min kvadratkilometr sahəni - Azərbaycanın 13 faizini çirkləndirib. Son 30 il ərzində Azərbaycanda mina qurbanlarının ümumi sayı minlərlə ölçülür və 2020-ci ildən bəri 382 mina qurbanı qeydə alınıb.

    Azərbaycan iqtisadiyyatına və ərzaq təhlükəsizliyinə vurulan ən ağır zərbə hazırda münaqişənin izləri səbəbilə istifadəyə yararsız sayılan geniş və boş torpaqlardan qaynaqlanır. Bu torpaqların 60 faizi düzənlik və münbit kənd təsərrüfatı sahələridir. Xarici İşlər Nazirliyinin hesabatına əsasən, “minaların və digər partlamamış hərbi sursatların mövcudluğu torpaq səthini, bitki örtüyünü, suyun sızmasını və axınını ciddi şəkildə pozmuş və dəyərli kənd təsərrüfatı torpaqlarının böyük sahələrini əlçatmaz vəziyyətə gətirmişdir.”

    2024-cü ilin ortalarına qədər 145 min 700 hektardan çox ərazi təmizlənmiş, 32 min 581 piyada əleyhinə mina və 19 min 666 tank əleyhinə mina da daxil olmaqla, 122 mindən çox partlayıcı maddə zərərsizləşdirilmişdir. Buna baxmayaraq, çirklənmiş ərazilərin cəmi 13 faizdən az bir hissəsi təmizlənib ki, bu da qarşıda duran problemin miqyasını açıq şəkildə göstərir.

    “Mina təmizləmə səyləri baha başa gəlir və inkişaf etmiş texnologiya, peşəkar işçi qüvvəsi və davamlı beynəlxalq dəstək tələb edir,” – deyən Mirzəyev bildirir: “Təcili investisiyalar olmadan davam edən ekoloji pozuntular artacaq və biomüxtəlifliyə, təbii ekosistemlərə, bu resurslara arxalanan icmaların dolanışığına təhlükə yaradacaq. Minatəmizləmə işlərini sürətləndirmək yalnız humanitar zərurət deyil, həm də planetimizin biosferinə daha çox ziyan vurulmasının qarşısını almaq üçün ekoloji imperativdir”.

    2021-ci ilin iyun ayında Ermənistanın təqdim etdiyi mina xəritəsi yalnız Ağdamda 97 min minanın mövcudluğunu ortaya çıxarmışdı. 2023-cü ildə ANAMA-nın koordinasiyası altında BMT İnkişaf Proqramı (UNDP), BAMF, Mina Məsləhət Qrupu (MAG) və APOPO ilə əməkdaşlıq çərçivəsində mina təhdidini azaltmaq və ərazini məskunlaşdırmaq üçün bir layihəyə başlandı. 2024-cü ildə bu səylər nəticəsində təkcə Ağdamda təxminən 3 min mina zərərsizləşdirildi.

    "Global Environmental Change" jurnalında dərc edilmiş bir araşdırmaya görə, post-Sovet dövründə Qafqaz regionunda kənd təsərrüfatı torpaqlarının tərk edilməsinin üçdə biri müharibə ilə əlaqədardır ki, bu da qismən minaların mövcudluğundan qaynaqlanır.

    Heidi Künün xatirələrindən ibarət "Canlanan torpaq: Minalardan üzümlüklərə. Bir qadinin dünyani qorumaq missiyası" kitabına yazdığı ön sözdə Kraliça Nur minaları “yavaş hərəkətli kütləvi qırğın silahları” kimi təsvir edir. O yazır: “Onlar münaqişə başa çatdıqdan çox sonra da insanların, heyvanların həyatını məhv edir və qiymətli kənd təsərrüfatı torpaqlarını girov saxlayır.” Bu, Qarabağdakı müharibənin mirasıdır.

    2023-cü ildə Azərbaycan “Minasız dünya” ideyasını 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq elan etdi və bu cəsur ideyanı BMT-nin 2030-cu il Gündəliyi ilə uzlaşdırdı. Minalar sadəcə münaqişənin qalıqları yox onlar həyatın özünə maneədir, münbit torpaqları əlçatmaz edir və qlobal və yerli icmalar üçün ərzaq təhlükəsizliyinin həyat xəttini kəsir.

    Qarabağda, o cümlədən Ağdamda və dünyanın 60 ölkəsində torpağın altında gizlənmiş təxminən 110 milyon minanın qaldığı saysız-hesabsız bölgələrdə bərpa vədini torpağın özü qoruyur, şəfa tapacağı günü gözləyir.

    Heidi ilə mən səssiz bir andla bağlanmışdıq: qorxuya qarşı birlikdə dayanmaq, başqalarının cəsarət etmədiyi yerlərdə təhlükəsizlik yolları açmaq və münaqişə ilə susdurulanların səslərini irəliyə daşımaq.

    Bu, dərhal və dərin bir bağ idi — iki ananın ümidləri ilə qidalanan bir bağ. Torpaq üçün ümid. Övladlarımız üçün ümid. Minaların əvəzində güclü və möhkəm üzüm tənəklərinin çiçəklənəcəyi bir dünya ümidiylə”.

    Defne Ewing-Chow