Füzulidə daha 25 ailəyə evlərinin açarları təqdim olunub
Bu gün 25 ailə olmaqla 106 nəfər Füzuli sakini doğma yurduna qovuşub
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
Bu gün 25 ailə olmaqla 106 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıb. Onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar, daha əvvəl Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək Vətənə qovuşmağın sevincini paylaşıblar. Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Ailələr qarşılandıqdan sonra keçirilən açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil alaraq öz evlərində məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 308 ailə olmaqla 1106 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.