XƏBƏRLƏR / Qayıdış

Füzulidə Şəhər Günü qeyd olunur YENİLƏNİR

Tədbirdə dövlət və hökumət rəsmiləri, Mədəniyyət Nazirliyinin nümayəndələri və incəsənət xadimləri iştirak edirlər

Füzulidə Şəhər Günü qeyd olunur YENİLƏNİR
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 14:20

    Oktyabrın 17-də Füzuli Şəhəri Gününün möhtəşəm qala-konserti olub.

    Əvvəlcə dövlət və hökumət rəsmiləri Füzuli Şəhəri Günü münasibətilə təşkil olunmuş sərgiyə baxıblar.

    Sonra çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov azad Füzulidə ikinci dəfədir Füzuli Şəhəri Gününün keçirildiyini bildirib. Qeyd edib ki, bu günü bizə canı, qanı bahasına yaşadan şəhidlərimiz ölməz qəhrəmanlarımızdır.

    "Dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız ən çətin döyüşlərdən çıxaraq, Füzuli şəhərini işğaldan azad etdilər. Bu gün hamımız Füzulidə həyata keçirilən bərpa-quruculuq işlərinə şahid oluruq. Bütün bu işlər Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında, diqqət və qayğısı ilə həyata keçirilir. Bu gün Füzuli şəhəri işğaldan azad olunmuş ərazilərdə ən çox sakinlərin məskunlaşdığı şəhərdir", - deyə E.Hüseynov diqqətə çatdırıb.

    O, hazırda Füzuli şəhərində 822 ailənin yaşadığını bildirib: "Mən inanıram ki, onlar yaşayışlarından çox məmnundurlar. Burada dövlətimizin gücü, qüdrəti hesabına yaradılmış gözəl şəraitdən istifadə edirlər. Bizim balaca sakinlərimiz, gənc nəslimiz Azərbaycanda tayı-bərabəri olmayan bir məktəbdə təhsil alırlar. Bu gün qalib dövlətin yenilməz ruhlu gənc nəsli yetişir. Füzuli şəhərində Mirzə Uluqbəy adına bir nömrəli tam orta məktəbin artıq yaxşı nailiyyətləri var. Bizim məktəblilər həm ali məktəbə qəbul imtahanlarında, həm də keçirilən müxtəlif müsabiqələrdə uğur qazanırlar. Biz buna görə çox sevinirik".

    Daha sonra qala-konsert təqdim olunub, tanınmış incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib

    ***

    10:47

    17 Oktyabr Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzulidə təntənəli Şəhər Günü tədbiri keçirilir.

    Tədbirdə dövlət və hökumət rəsmiləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və digər qonaqlar iştirak edirlər.

    Doğma yurda qayıtmış Füzuli sakinləri bu gün böyük həvəs və sevinclə bayram şöləninə hazırlaşır. Tədbir iştirakçıları rəngarəng tematik sərgilərlə tanış olacaq, incəsənət ustalarının, bədii kollektivlərin ifasında maraqlı konsert proqramını izləyəcəklər.

    Gün ərzində proqram çərçivəsində "Ümummilli Lider Heydər Əliyev və Füzuli”, "Zamanın qanadalarında: Füzuli" adlı fotosərgilər, "Mənim Füzulim" rəsm sərgisi, "Füzuli 530" tamaşası, dekorativ-tətbiqi xalq sənəti növləri üzrə ustad dərsləri və uşaqlar üçün əyləncə zonası təşkil olunacaq. Həmçinin Füzuli rayonunun tarix və mədəniyyət abidələri haqqında məlumatlar təqdim ediləcək, burada aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanmış maddi-mədəniyyət nümunələr nümayiş olunacaq.

    Tədbirə qala-konsert proqramı və atəşfəşanlıqla yekun vurulacaq.

    Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı 2023-cü il 31 iyul tarixli Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub. Sərəncama əsasən, 17 Oktyabr Füzuli Şəhəri Günüdür.