XƏBƏRLƏR / Qayıdış

Füzulinin Pirəhmədli və Dədəli kəndlərində 1615 ev tikiləcək

Bunu Qarabağ İqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyin Baş məsləhətçisi Eldar Seyidov bildirib

Füzulinin Pirəhmədli və Dədəli kəndlərində 1615 ev tikiləcək
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri zamanı Dədəli və Pirəhmədli kəndlərinin təməli qoyulub. Kəndlərin ərazisi müvafiq olaraq 314 hektar və 178 hektar təşkil edəcək. Ümumilikdə Dədəli kəndində 1050, Pirəhmədli kəndində isə 565 fərdi yaşayış evi tikiləcək. İşğaldan azad olunan ərazilərə Prezidentin izi ilə təşkil olunan mediatur zamanı bu sözləri jurnalistlərə açıqlamasında Qarabağ İqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyin Baş məsləhətçisi Eldar Seyidov bildirib.

    Qarabağ İqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyin Baş məsləhətçisi Eldar Seyidov

    E. Seyidov qeyd edib ki, hər bir evin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Birinci mərhələ üzrə iki kənddə birlikdə 607 ev inşa olunacaq. Kəndlərdə sosial infrastruktur layihələri - məktəb, bağça, idman klubu, tibb mərkəzi, bazar, məscid, ticarət obyektləri də inşa olunacaq. Kəndlərdə tarixi ənənələri qorumaqla müasir üsluba malik olan istilik tutumlu evlər layihələndirilib. Bu yaşayış məntəqələrində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kəndlərdə tikinti işlərinin 2025-ci il ərzində başa çatdırılması planlaşdırılır. Füzuli şəhərdaxili yolların ümumi uzunluğu - 87.34 kilometr təşkil edir. İlkin mərhələdə 18.47 kilometr uzunluğunda yolun inşası nəzərdə tutulur. Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, yaşıllıq zolaqları, velosiped yolları, ictimai nəqliyyatı təmin etmək üçün xüsusi hərəkət zolaqları yaradılacaq. Prospektlər 4 zolaqlı, küçə və yollar isə 2 zolaqlı olacaq.

    “Layihə Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullantı sutəmizləyici qurğunun inşası, həmçinin ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması və digər işlərin görülməsi nəzərdə tutulur. Birinci mərhələdə 17 min kubmetr tutumu olan su anbarının inşası planlaşdırılıb. Bu anbar şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək. Qalan 20 faizinə xidmət göstərən su anbarı ikinci mərhələdə inşa ediləcək. Bu su anbarın tikintisi ilə şəhərə köçəcək sakinlərimizin daimi su təchizatı təmin olunacaq. Bildiyiniz kimi, Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olunan 960 şagirdlik məktəb inşa olunur və layihəyə əsasən tikinti işlərinin bitməsi bu ilin sonuna gözlənilir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. İşlər yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparılır. Füzuli şəhərinə qayıdan ilk şagirdlər məhz bu məktəbdə təhsil alacaqlar. Prezident söylədiyi kimi, “bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq”, - deyə Eldar Seyidov bildirib.