Göygöldə Moruq festivalı keçirilir
Burada moruq sortlarının dequstasiyası və satışı təşkil edilib
Azərbaycanda ilk dəfə Moruq festivalı keçirilir.
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Keşkü kəndində təşkil olunan festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılıb, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq sortlarının dequstasiyası və satışı təşkil edilib. Festivala gələn ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı da qazanıblar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramlar nümayişi nəzərdə tutulur.
Festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.
Moruq festivalının Göygöl rayonunda keçirilməsi təsadüfi deyil. Göygöl rayonu ən çox giləmeyvə, o cümlədən moruq becərilən rayonlardan biridir. Bu faydalı giləmeyvə əvvəllər rayonun dağlıq ərazilərində, su mənbələrinin kənarlarında yetişdirilsə də, son illər böyük ərazilərdə sənaye üsulu ilə əkilib becərilir.
Qeyd edək ki, moruq xalq təbabətində ən geniş istifadə olunan giləmeyvələrdən sayılır. Çay kimi dəmlənmiş meyvələr soyuqdəymədə hərarət salan vasitə kimi istifadə edilir. Moruq həm də tərkibində ən çox dəmir olan giləmeyvədir. Giləmeyvənin 100 qramının enerji dəyəri 41 kaloridir. Qlükoza və fruktoza ilə zəngin olduğuna görə ürək-damar və beyin patologiyası zamanı faydalı hesab olunur.
İki gün davam edəcək Moruq festivalı məhsul bayramı xarakteri daşımaqla yanaşı, moruq istehsalçılarına yeni işgüzar əlaqələr qurmağa, məhsullarını geniş auditoriyaya tanıtmağa imkan verəcək.