Gözlərimin işığı sənsən və ya Mehriban olaq VİDEO
Şəkidə "Çingiz Klubu"nda görkəmli bəstəkar Şəfiqə Axundovanın 100 illiyi qeyd olunub
2004-cü il ofisimizə təzəcə qədəm basmışdı və həmişə olduğu kimi ilbaşı mənim vacib vəzifəm Qanlı 20 Yanvara həsr olunmuş verilişin ssenarisi idi. Köməkçimə dönə-dönə tapşırmışdım ki, heç kimi mənim yanıma buraxma. Artıq adət halı alan vəziyyət - iş çoxdur, vaxt az. Yazıçılar bilir - yaxşı ssenari yazmaq kiprik fırçası ilə divar boyda şəkil çəkmək kimi bir işdir. Demək olar ki, ssenarinin əsas süjet xəttini qrafitlə çəkib üzərinə rənglər düzməyə başlayanda, qapım taybatay açıldı və otağa Şəfiqə xanım Axundova, arxasınca da onun məlahətli səsinə təslim olan köməkçim daxil oldu. Boyda Şəfiqə xanımdan hündür olan köməkçim onun arxasından göz-qaş hərərkətləri ilə mənə nəsə başa salmaq cəhdləri boşa çıxanda, qonağımızı nəvazişlə kresloya oturdub ona çay təklif etdi.
- Yox, qızım, vaxtım yoxdur, gedirəm. Sən bir dəqiqəlik çıx, mənim Vahidə bir məxfi sözüm var.
Şəfiqə xanım illər boyu fortepiano ilə "dil" tapan və o dilləri döyə-döyə səsini dünyaya salan əli ilə məni üzbəüz kresloya əyləşməyə dəvət etdi. Oturdum...
- A bala, sən bilirsən ki, biz qohumuq. Adam qohumuna dəstək olar, yar olar, dayaq olar. De görüm, mənim 80 illiyimə nə hazırlamısan?
Şəfiqə xanım danışarkən, bütün otaq Nuxa ləhcəsi ilə çiçəklənməyə başladı. Mahnı kimi yayılan cümlələrindən həzz alaraq dediklərinin mahiyyətinə çox da fikir verə bilmədim.
- Şəfiqə xanım, mən indi ssenari yazıram...
- Bax belə, mən bilirdim ki, sən məni yaddan çıxartmazsan.
Gümrah bir hərəkətlə balaca, amma eyni zamanda nəhəng Şəfiqə Axundova ayağa qalxıb qapıya tərəf getdi. Qapını açıb, sanki köməkçilərimin nəzərinə çatdıraraq dedi:
- 80 illiyim yanvarın 21-dədir, hələ 15-16 günün var. Doyunca yaşayın hamınız. Mehriban olun, əzizlərim. Vahid, bax a... Məni unutma! - dedi, arxasınca qapını astaca bağladı və getdi...
- Yaddan çıxartmaram Şəfiqə xanım!
Artıq üzümə bağlanan qapı və gözəl, yaraşıqlı qadının otağıma çökən ətrinə cavab verdim.
O il və bütün digər illər biz ANS olaraq Şəfiqə xanım, onun nakam taleyi və ən əsası, onun yaradıcılığı haqqında gözəl verilişlər hazırladıq.
Bu il isə xüsusi bir ildir - "Gözlərimin işığı" olan Şəfiqə xanımın 100 ilik yubileyidir. Bacım Xatirə və onu sevən digər ANS-çilərlə, əzizlərim Gülyaz və Gülyanaqla, Şəkidə, Milli Qəhrəman Çingiz Mustafayev adına Mədəniyyət Mərkəzində, 21 yanvarda onun yubileyini təntənəli şəkildə qeyd etdik. Hamı burada idi, onun ailəsi, onu sevən jurnalistlər, müğənnilər, musiqiçilər, dövlət məmurları və sadə həmyerlilərinə dünyalar qədər sadiq və minnətdar şəkililər. Hamımız bir yerdə onun başına yığıldıq ki, onun istəyi və tələbi ilə "Mehriban olaq"!
P.S. Şəfiqə Axundovanın 100 illik yubileyinin təşkilatçıları, bizə daim dəstək olan Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupuna daxil olan Şəki "Çingiz Klub" Mədəniyyat Mərkəzi, ANS PRESS İnformasiya Agentliyi, VMF Holdinq və DAD Şirkətinin rəhbərlləri və kollektivlərinə, 4 saylı Şəki Musiqi Məktəbi və əziz, doğma şəkililərə ərzi-təşəkkürlərimi müvəffəqiyyət təmənnası ilə çatdırmağı özümə şərəf bilirəm!