Gürcüstanda hazırda vəziyyət
Xüsusi təyinatlı qüvvələr parlamentin binasının arxa girişində qalmağa davam edir
Gürcüstanda səhərə qədər etiraz aksiyasının keçirildiyi parlamentin qarşısında hazırda sakitlikdir. Gürcü mənbələrinin məlumatına görə, ərazidə nəqliyyatın hərəkəti bərpa edilib. Buna baxmayaraq, xüsusi təyinatlı qüvvələr parlamentin binasının arxa girişində qalmağa davam edir.
Eyni zamanda Rustaveli prospektində polis əməkdaşlarını görmək mümkündür.
Xatırladaq ki, Gürcüstan parlamenti martın 7-si birinci oxunuşda “Xarici agentlər haqqında” qanun layihəsini qəbul edib. Bunun ardınca Tbilisidə qanun layihəsi ilə bağlı keçirilən etiraz aksiyalarında vəziyyət gərginləşib. “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze martın 8-si parlamentin binasını əhatəyə almaq barədə qərarı səsləndirdikdə vəziyyət kəskin xarakter alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Akiya zamanı 76 nəfər saxlanılıb.