Horadiz və Ağdamın kənd sakinlərinə müavinət verilməyəcək
Bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinindən məlumat verilib YENİLƏNİB
15:58
Müavinətlərin dayandırılması Füzuli rayonunun 1 şəhər və 21 kəndində, Ağdam rayonun 7, Cəbrayılın 1 kəndində yaşayan sakinlərə tətbiq edilib.
Szöügedən kəndlər aşağıdakılardır:
Füzuli rayonunda:
Horadiz şəhəri, Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı kəndləri.
Ağdam rayonunda:
Əfətli, Qaradağlı, Zəngişallı, Çəmənli, Əhmədağalı, Xındırıstan, Üçoğlan kəndləri.
Cəbrayıl rayonunda:
2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı kəndi.
***
14:42
Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən dayandırılıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin onun icrası ilə bağlı müvafiq qərarına əsasən, yemək xərci, kommunal və digər xidmətlər üzrə məcburi köçkünlərə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin verilməsi davam etdirilir.
"Füzuli və Ağdam rayonlarının vaxtilə işğala məruz qalmış və ya düşmənlə təmas xəttinə yaxın olan, 1994-cü ilin may ayında imzalanmış atəşkəs müqaviləsindən sonra dinc həyatın bərpa edildiyi yaşayış məntəqələrinə qayıdan vətəndaşlara da sosial dəstək məqsədilə vahid aylıq müavinət verilib.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci ildə apardığı Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində təmas xətti tamamilə ləğv olunaraq əhalinin təhlükəsiz yaşaması və fəaliyyət göstərməsi təmin edilib.
Bununla əlaqədar olaraq, Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi 2024-cü il 1 may tarixindən etibarən dayandırılıb. Eyni qərar Cəbrayıl rayonunun işğaldan azad edildikdən sonra 2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı kəndinin geri qayıdıb daimi məskunlaşan sakinlərinə də şamil olunub.
Mövcud qanunvericiliyə əsasən, keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən dövlət büdcəsinin vəsaiti hesabına görülən sosial müdafiə tədbirlərinin, o cümlədən vahid aylıq müavinətin verilməsinin qanunvericiliklə nəzərdə tutulan üç il müddətində başa çatması nəzərdə tutulur", - məlumatda deyilir.