XƏBƏRLƏR / İctimaiyyət

I Qarabağ müharibəsinin şəhidləri dəfn olunur YENİLƏNİR

Onlar itkin sayılırdılar

I Qarabağ müharibəsinin şəhidləri dəfn olunur YENİLƏNİR
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:02

    Qalıqları Ağdam rayonunun Xındırıstan kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Zahid Baxış oğlu Nağıyevin nəşi Ağdam rayonuna gətirilib.

    Şəhidin nəşi rayonun Evoğlu kəndində ailəsinə təhvil verilib.

    Qeyd edək ki, Zahid Baxış oğlu Nağıyev 1975-ci il yanvarın 1-də anadan olub. O, 1994-cü il aprelin 18-də Ağdam rayonunun Cavahirli kəndində itkin düşüb.

    Z.Nağıyev Evoğlu kənd qəbiristanlığında dəfn olunub.

    ***

    13:08

    Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Yaşar Ələkbər oğlu Kərimovla Neftçala rayonunun Qaramanlı kəndində keçirilən vida mərasimi başa çatıb.

    Şəhidin nəşi Qaramanlı kəndində dəfn olunub.

    Dəfn mərasimində şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, Yaşar Ələkbər oğlu Kərimov 1967-ci il aprelin 12-də anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunun Şelli kəndində itkin düşüb.

    ***

    11:18

    Sabunçu rayonunun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Qurbanov Aydın Əsədulla oğlu ilə vida mərasimi keçirilib.

    Şəhidin ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimində onun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Vida mərasimi başa çatdıqdan sonra şəhid Qurbanov Aydın Əsədulla oğlu Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

    Qeyd edək ki, o, 12 yanvar 1967-ci ildə anadan olub. Şəhid A.Qurbanov 18 aprel 1994-cü ildə Ağdam rayonun Güllücə kəndində atçılıq sovxozunun ərazisində itkin düşüb.

    ***

    11:16

    Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Akif İlyas oğlu Abbasovun nəşi Daşkəsən rayonuna gətirilib.

    Şəhidin nəşi Daşkəsən rayonunun Əhmədli kəndində ailəsinə təhvil verilib.

    Qeyd edək ki, Akif İlyas oğlu Abbasov 1970-ci il iyulun 1-də anadan olub. O, 1993-cü il dekabrın 28-də Ağdam rayonunun Salahlı kəndində itkin düşüb.

    A.Abbasov Gəncə Şəhidlər xiyabanında dəfn olunub.