II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək
Bu barədə AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı bildirib
Dekabrın 23-də Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək.
Bu barədə AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı bildirib.
O qeyd edib ki, forumda hər iki ölkədən yüksəkvəzifəli rəsmi şəxslər, dövlət qurumları, iş adamları, sahibkar birlikləri və palataları təmsil edən 500-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur. Tədbir Azərbaycan və Türkiyə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, biznes əməkdaşlığının genişləndirilməsi və yeni investisiya imkanlarının təqdim olunması üçün strateji əhəmiyyət daşıyır.
Artan iqtisadi əməkdaşlıq fonunda bu il təşkil ediləcək ikinci forum daha geniş proqramla həyata keçiriləcək və iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əsaslarını gücləndirmək məqsədi daşıyır.
Forum açılış mərasimi, imzalanma mərasimi, investisiya təqdimatları və 6 tematik paneldən ibarət olacaq:
• Regionlararası ticarət və logistika dəhlizləri;
• Aqrar tərəfdaşlıq – dayanıqlı inkişaf və qida təhlükəsizliyi;
• Enerji transformasiyası – innovasiya və COP29 sonrası perspektivlər;
• Yaşıl şəhərsalma və davamlı infrastruktur;
• Azərbaycan–Türkiyə biznes əməkdaşlığı – çağırışlar və imkanlar;
• Sənaye 4.0 – gələcəyin texnologiyaları.
Türkiyə şirkətlərinin Azərbaycan iqtisadiyyatının aparıcı sektorları, sənaye və logistika infrastrukturu ilə tanış olması üçün sənaye parklarına, azad iqtisadi zonalara və logistika mərkəzlərinə səfərlər təşkil olunacaq.
1 dəqiqə