Prezident Xocalıdadır YENİLƏNİR / FOTO
İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb

15:46
Prezident İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndində olub.
Dövlətimizin başçısı kəndə köçən sakinlər Rasim Cavadovun və Kərəm Abbasovun evlərində olub.
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşüb, onlarla söhbət edib.
Sakinlər: Hörmətli Prezidentimiz, eşq olsun Sizə! Allah Sizi qorusun! Allah Sizin üstünüzdə yar olsun! Bizim burada olmağımızın səbəbkarı sizsiniz. Bu, Sizin gərgin əməyinizin nəticəsidir.
Sakin: Ürəyim Sizə qurban. Xoş gəlmisiniz!
Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz.
Sakin: Bu günümüzə şükür, Allah xanımınızı qorusun! Allah Sizi qorusun! Bu günü bizə yaşatdığınız üçün Allah üstünüzdə yar olsun! 200 neçə illik qara buludu üstümüzdən götürdünüz. Ağlasam, məndə günah görməyin. Sevinc göz yaşlarıdır.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Sağ olun, var olun, öpürəm. Allah Sizi qorusun! Amin!
Prezident İlham Əliyev: Sağ olun. Siz də xoş gəlmisiniz. Artıq bir neçə gündür ki, doğma torpağınızda yerləşmisiniz, şərait də yaxşıdır. Mən bu gün həm Təzəbinə kəndində, həm də Xanyurduda şəraitlə tanış oldum. Biz iki gözəl kəndi demək olar ki, yenidən bərpa etdik və sizin sərəncamınıza verdik.
Sakinlər: Çox sağ olun, minnətdarıq.
Prezident İlham Əliyev: Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun.
Sakin: Cənab Prezident, Allah Sizə qüvvət versin! Sizin gərgin əməyiniz öz yerində. Sinəsini düşmən gülləsinə sipər edən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizin canını sağ eləsin.
Prezident İlham Əliyev: Amin.
Sakin: Allah Sizi, xanımınızı qorusun. Var olun. Bu gün Sizinlə burada üz-üzə durmaqdan qiymətli heç nə yoxdur.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Cənab Prezident, bir dəqiqə olar?
Prezident İlham Əliyev: Bəli, buyur.
Sakin: Səhər-səhər mən evdən çıxanda, bağışlayın, bizim bu xanım dedi: Kişi, ən xoşbəxt insansan ki, bu gün Prezidentlə görüşəcəksən. Allah haqqı, elə belə də dedi.
Prezident İlham Əliyev: Sağ olun. Bütün qohumlara, ailə üzvlərinə salam yetirin. İndi siz buraya birinci köçənlərdənsiniz, amma bunun ardı gəlir. Bir, bəlkə də bir neçə aydan sonra burada, hər iki kənddə yəqin ki, minlərlə insan yaşayacaq. Dövlət bütün şəraiti yaradıb - evlər, həyətyanı sahələr, içməli su, təbii qaz, elektrik. Yəni, yenə də deyirəm, siz buna layiqsiniz.
Sakin: Maşallah, hər şey yüksək səviyyədədir.
Prezident İlham Əliyev: Çünki ən ağır vəziyyətdə yaşayanlar siz olmusunuz. Bütün bu otuz il ərzində yenə də, necə deyərlər, öz iradənizi göstərərək inanırdınız ki, bu tarixi gün gələcək və biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Həm 2020-ci ilin Vətən müharibəsi, həm də 2023-cü ilin antiterror əməliyyatı bizim şanlı qələbələrimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. Bundan sonra biz burada əbədi yaşayacağıq. Daha heç kim bizi bu yerlərdən çıxara bilməz.
Sakin: O günlər dalda qaldı.
Prezident İlham Əliyev: O, qaldı.
Sakin: Ulu Öndərə də Allah qəni-qəni rəhmət eləsin ki, bizi Sizə tapşırıb.
Digər sakin: Ali Baş Komandanımızı Allah var eləsin, həmişə ucalarda olsun!
Prezident İlham Əliyev: Sağ olun. Təbrik edirəm, təbriklər. Harada yaşamısınız işğal dövründə?
Sakin: Pirşağı qəsəbəsində.
Prezident İlham Əliyev: Pirşağıda, sanatoriyada.
Sakin: Siz gəlmişdiniz oraya.
Prezident İlham Əliyev: Bəli. Orada şərait də çox ağır idi, çətin idi.
Sakin: Şükür bugünkü günümüzə.
Digər sakin: O vaxt mənim oğlum dağda şəhid oldu.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Sakin: Sağ olun.
Prezident İlham Əliyev: Sizi təbrik edirəm. İndi burada xoşbəxt yaşayın. Allah sizi də qorusun, uşaqlarınızı da.
Qadın sakin: Mehriban xanıma salamlarımızı çatdırın, “Dəmir yumruğ”a güvənirik. Təşəkkür edirik.
Prezident İlham Əliyev: Mütləq söyləyəcəyəm. Onun da sizə salamı var.
Digər qadın sakin: Şəhid bacısıyam. Sizə çox minnətdarıq.
Prezident İlham Əliyev: Sağ olun.
Digər qadın sakin: Çox sağ olun, var olun. Allah Sizi var eləsin, Allah dövlətimizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun, bir daha təbrik edirəm.
Sakin: Çox sağ olun, cənab Prezident, bu yumruğunuz həmişə düşmənlərin üstündə olsun. Allah Sizdən razı olsun, Allah Sizi qorusun. Sizi dövlətimizin üstündən əskik etməsin.
Prezident İlham Əliyev: Sağ olun.
Sakinlər: Sağ olun, tez-tez gəlin.
***
Qeyd edək ki, Xanyurdu kəndi Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsinə daxildir. Kənddə 40 fərdi ev artıq əsaslı bərpa olunub, ilin sonunadək daha 65 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 93 fərdi ev təmir və bərpa olunacaq. Bu il iyulun 14-də 33 ailə, ümumilikdə 122 nəfər doğma Xanyurdu kəndinə qayıdıb.
Hazırda kəndin sosial infrastrukturunun müasir səviyyədə qurulması üçün zəruri işlər görülür. 14 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa edilib, sayğaclaşdırma prosesinə başlanılıb, 10 kilometrdən çox uzunluğu olan təbii qaz xətti çəkilib, 4 kilometr uzunluğunda mövcud xətt bərpa olunub, artezian quyusu, həcmi 400 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 10,4 kilometr uzunluğunda rabitə xətti çəkilib, abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi təmin olunub. İki kilometrdən çox uzunluğu olan kənddaxili yollar asfaltlanıb. Ümumtəhsil müəssisəsinin binasının təmir-bərpası ilə bağlı hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulan bina əsaslı təmir edilir. Kənddə bir hektar sahədə istirahət parkı salınıb.
***
14:25
İyulun 18-də Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib.
Bu istehsal müəssisəsi rayonun Daşbulaq kəndində inşa olunub. Layihə dəyəri 8,5 milyon manat olan müəssisədə 60 nəfər daimi işlə təmin edilib. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.
Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir. Zavodda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda, enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq olunur.
Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən “Xocalı” gil yatağıdır. Müəssisənin sahəsi bir hektara yaxındır. Bundan əlavə, 6,5 hektar ərazi xammalın saxlanılması üçün ayrılıb.
Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə təqdim olunan bütün güzəşt və azadolmalardan yararlanacaq. İşğaldan azad edilmiş ərazilərdə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi bu ərazilərimizin iqtisadi potensialının reallaşdırılıması, biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi kimi məsələlərdə çox mühüm rol oynayır. Bu ərazilərimizdə investor və sahibkarlar üçün əlverişli şərait yaradılır. Ümumilikdə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sənayeləşmə siyasəti sistemli və ardıcıl şəkildə aparılır. Bu məsələdə isə texnoloji modernləşmə və innovativ istehsal sahələrinin artırılması əsas prioritetlərdəndir.
***
14:14
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.
Dövlətimizin başçısı əvvəlcə kəndə köçən Məhəmməd Fərəcovun evinə baş çəkib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülən və həyata keçiriləcək işlər barədə məlumat verib.
Bildirilib ki, kənddə 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.
Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub. Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb. 3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb.
Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.
***
13:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verib..
Xatırladaq ki, 2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.
Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb.
Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub. İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərirdi. Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarında minarələr inşa edilib. Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub. Divarlarda ilkin görkəmini itirmiş və əsasən tökülmüş suvaq təmir olunub, yararsız hala düşmüş mehrab bərpa edilib. Fasad daşları xüsusi kimyəvi maddələrlə yuyulub, köhnə daşlar arasındakı tikişlər təmizlənib. Məscidin ətrafında köməkçi tikililər inşa olunub. Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır.
***
12:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Bu binanın da inşası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib. Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb.
Bu ilin fevralında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binanın tikintisində işlərin gedişi ilə tanış olublar.
Məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var.
İşğaldan azad olunmuş torpaqlarımızda əhalinin məskunlaşması ilə yanaşı, məktəbəqədər tərbiyə müəssisələrinin inşası istiqamətində ardıcıl işlər görülür. Belə layihələr, eyni zamanda, bu ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin tərkib hissəsi olmaqla da mühüm əhəmiyyət daşıyır.
***
12:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.
Qeyd edək ki, bu təhsil ocağının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu ilin fevralında isə dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva burada aparılan tikinti işləri ilə tanış olublar.
Məktəbin binası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində inşa edilib. Binada 43 sinif, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat mərkəzi, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana, muzey, 352 yerlik yeməkxana fəaliyyət göstərəcək. Bundan başqa, məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 468 yerlik akt zalı və iki qapalı idman zalı, açıq havada futbol və basketbol meydançaları da müəllim və şagirdlərin ixtiyarına verilib.
Bu gün Qarabağda təhsil sahəsində müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması ən önəmli məsələlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizdə hazırda təhsil infrastrukturunun bərpası və bu sahənin inkişafı istiqamətində çox mühüm işlər görülür. İstifadəyə verilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir.
***
12:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.
Əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Ağdam Sənaye Parkı haqqında məlumat verib.
Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.
Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə Parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb.
Qeyd edək ki, hazırda ölkədə 9 sənaye parkı var. Bunlar Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Naxçıvan, Hacıqabul, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarıdır. Bununla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi yaradılıb.
Sonra “Tabaterra” MMC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına müəssisə barədə məlumat verib.
Bildirilib ki, Ağdam Sənaye Parkında 5,5 hektar ərazidə “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsi yaradılıb. Layihəyə 58 milyon manat investisiya yatırılıb. “Tabaterra” MMC öz məhsulları ilə yanaşı, “British American Tobacco”, “Japan Tobacco International” və “Imperial Brands” şirkətlərinə məxsus beynəlxalq brendləri lisenziya əsasında istehsal edir. MMC-də 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir. Hazırda “Tabaterra” MMC həm yerli, həm də “British American Tobacco” və “Japan Tobacco International” şirkətlərinə məxsus xarici brendlərin ixracını həyata keçirir.
Müəssisə sənaye parkının rezidenti kimi vergi, gömrük və digər güzəştlərdən faydalanır. Hazırda burada 400 nəfər çalışır. Şirkət 300-dək işçinin Ağdam şəhərinə köçürülməsini nəzərə alaraq, onların yaşayış təminatını qarşılamaq üçün “Ağdam Residence” yaşayış kompleksində 208 mənzilin alınmasına sərmayə yatırıb və əməkdaşların işlədiyi dövr ərzində ödənişsiz olaraq onların istifadəsinə verib.
Keçən ilin nəticələrinə görə, “Tabaterra” MMC qeyri-neft və özəl sektor üzrə qabaqcıl ixracatçı, eyni zamanda, qeyri-neft sektorunda ən iri vergi ödəyicisi olub.
Tütün əkininin və emalının həyata keçirilməsi məqsədilə təsis edilmiş “Tabaterra Leaf” MMC 2021-ci ildə “Azərtütün” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin qalibi olub və infrastrukturun modernləşdirilməsi, yerli tütünün keyfiyyətinin artırılması məqsədilə 15 milyon manat məbləğində sərmayə yatırıb. “Tabaterra Leaf” MMC hazırda Şəki, Qax, Zaqatala, Balakən rayonlarının ərazisində tütün əkini və emalı ilə məşğul olur. Şirkətin tərkibində tütün qəbulu və emalı məntəqələri, istixanalar və illik istehsal gücü 3 min ton olan Tütün Emalı Zavodu mövcuddur. “Tabaterra Leaf” MMC tərəfindən 2027-ci ildən başlayaraq Qubadlı rayonunda 500 hektar ərazidə tütün əkini və emalı ilə əlaqədar lazımi infrastrukturun qurulması üçün əlavə investisiya yatırılması nəzərdə tutulur. “Tabaterra” MMC-nin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr iqtisadi fəallığın artırılmasına, sənayenin və kənd təsərrüfatının inkişafına, regionun ixrac potensialının artırılmasına, məşğulluğun təmin olunmasına töhfə verir. Bu layihələrin ümumi investisiya dəyəri 79 milyon manat təşkil edir.