İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri XI Qlobal Bakı Forumunda iştirak edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada artan nüfuzunu qeyd edib, onun vacib beynəlxalq məsələlərin müzakirə edildiyi platforma olduğunu diqqətə çatdırıb. O, XI Qlobal Bakı Forumunun da uğurla keçəcəyinə əminliyini bildirib. Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri olaraq hər zaman göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Dövlətimizin başçısı Azərbaycanda prezident seçkilərindən sonra həmişə olduğu kimi, ənənəyə uyğun olaraq ilk rəsmi səfərini məhz Türkiyəyə etdiyini vurğulayıb və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı müzakirələri məmnunluqla xatırlayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.