XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev bir sıra qəbullar keçirib

Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verir

İlham Əliyev bir sıra qəbullar keçirib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 20:51

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanı qəbul edib.

    Natalya Koçanova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş edib.

    Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrimizin inkişaf etdiyi qeyd olunub. Keçən il Belarus Prezidentinin ölkəmizə dövlət səfəri məmnunluqla xatırlanaraq, onun münasibətlərimizin inkişafında rolu vurğulanıb.

    Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Natalya Koçanova Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

    Görüşdə ölkələrimizin parlamentləri arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının keçirilməsinin önəminə toxunulub.

    Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

    ***

    20:34

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.

    Söhbət zamanı Bakıda keçirilən Asiya Parlament Assambleyasının “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının önəminə toxunulub, bu tədbirin parlamentlərarası əməkdaşlığın gücləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

    Görüşdə Azərbaycanla İndoneziya arasında əlaqələrin perspektivləri, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

    Qonaq dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

    ***

    20:20

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Pakistan İslam Respublikasının Senatının sədri Seyid Yusuf Rza Gilanini qəbul edib.

    Seyid Yusuf Rza Gilani Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari və Baş naziri Məhəmməd Şahbaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

    Qonaq Bakıda COP29-un uğurla keçirilməsi münasibətilə bir daha təbriklərini çatdırıb.

    Dövlət başçısı Pakistanın Baş nazirinin COP29-da iştirakını məmnunluqla xatırlayaraq bunu yüksək qiymətləndirib.

    Görüşdə Azərbaycan ilə Pakistan arasında iqtisadi-ticari, energetika və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, uğurlu hərbi əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsindən məmnunluq ifadə olunub, parlamentlərimiz arasındakı əlaqələrin və hökumətlərarası komissiyanın işinin əhəmiyyəti qeyd edilib.

    Azərbaycan ilə Pakistan arasında əlaqələrin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatında inkişafı və bu formatda üçtərəfli görüşlərin əhəmiyyətinə toxunulub.

    Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.