XƏBƏRLƏR / COP29

İlham Əliyev COP29-a gələn ali qonaqlarla görüşür YENİLƏNİR

Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verir

İlham Əliyev COP29-a gələn ali qonaqlarla görüşür YENİLƏNİR
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 12:55

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

    Dövlətimizin başçısı COP29-da iştirak etdiyinə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib.

    Salim bin Məhəmməd əl-Maliki, öz növbəsində, COP29-un yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib.

    Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Bu xüsusda Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ICESCO-nun Mərakeşdə yerləşən qərargahında olmasının və Salim bin Məhəmməd əl-Maliki ilə görüşünün onda çox xoş təəssüratlar doğurduğunu vurğulayaraq, orada göstərilən qonaqpərvərliyə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib.

    Görüşdə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

    ***

    13:25

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb.

    Maimuna Mohd Şərif Prezident İlham Əliyevə COP29-da yerli icmalar statusunda Kuala Lumpur şəhərinin meri kimi çıxış etməsinə yaradılan imkana və COP29-da Azərbaycanın Sədrliyi yanında yaradılmış Məşvərət Şurasına daxil edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

    Qonaq COP29-un yüksək səviyyədə təşkili ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

    Söhbət zamanı Maimuna Mohd Şərifin UN-HABITAT rəhbəri olduğu dövrdə Azərbaycan ilə bu qurum arasında əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd olunub, ölkəmizin 2026-cı ildə BMT-nin ən vacib tədbirlərindən biri olan Dünya Urban Forumuna ev sahibliyi edəcəyi məmnunluqla vurğulanıb və buna hazırlıq prosesinin artıq başlanıldığı bildirilib.

    Görüşdə Bakının və ölkəmizin digər şəhərlərinin inkişafı kontekstində Azərbaycanın urban planlaşdırma və urbanizasiya sahəsində nailiyyətləri xüsusilə qeyd olunub, işğaldan azad edilmiş ərazilərimizdə şəhərlərin və kəndlərin qurulması prosesindəki təcrübəsi vurğulanıb.

    Söhbət zamanı Bakı və Kuala Lumpur arasında əməkdaşlığın inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparılması məsələsinə toxunulub, Bakının və Kuala Lumpurun qardaşlaşmış şəhərlər kimi əlaqələrinin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

    Bütövlükdə, Azərbaycan ilə Malayziya arasında dost münasibətlərinin olduğu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədikləri qeyd edilib. Siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadiyyat, ticarət, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

    ***

    12:14

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan və Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi ilə görüşüb.

    Beynəlxalq Kanoe Federasiyasının Prezidenti Azərbaycan paytaxtının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyib və bu gün Bakıda COP29 ilə əlaqədar keçiriləcək avarçəkmə yürüşünün yüksək səviyyədə təşkil edildiyini və bunun üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

    COP29-un əhəmiyyətinə toxunan Prezident İlham Əliyev qonaqların bu tədbirdə iştiraklarına görə minnətdarlığını bildirib.

    Bu tədbirin ən yüksək səviyyədə təşkil edildiyini deyən Tomas Konietzko burada iştirakçıların rahatlığı üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

    Prezident İlham Əliyev COP29-a hazırlıq vaxtının az olmasına baxmayaraq bütün təşkilati işlərin qısa zamanda həyata keçirildiyini qeyd edib.

    Qonaq Qarabağa, Suqovuşana səfər etdiklərini məmnunluqla deyərək, orada görülən bərpa-yenidənqurma işlərinin, idmanın inkişafının, o cümlədən avarçəkmə üçün yaradılan şəraitin çox böyük təəssürat bağışladığını deyib. O, ölkəmizdə kanoe idman növü üçün də yaxşı şəraitin yaradıldığını vurğulayıb və buna görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

    Azərbaycanın idmanın, o cümlədən idmanın avarçəkmə növünün inkişafında böyük rol oynadığını deyən qonaq bunun da ətraf mühitin qorunmasına töhfə verdiyini bildirib.

    Qonaqlar dövlətimizin başçısına xatirə hədiyyələri təqdim ediblər.