Əliyev Ermənistana bir neçə ağaya qulluq edən ölkə dedi
Prezident BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Sammitində çıxış edib

Dünyada eyni vaxtda iki və ya daha çox stulda oturan, bir neçə ağaya qulluq etmək istəyən, özlərini daha böyük dövlətlərin qarşıdurma meydanına çevirən çoxlu uğursuz, asılı dövlətlər var ki, Ermənistan da onlardan biridir.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Sammitində çıxışı zamanı deyib.
“Belə ölkələri sözün əsl mənasında müstəqil adlandırmaq olmaz. Belə ölkələrin siyasəti öz xalqının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv olan dövlətlər isə müstəqil xarici və daxili siyasət apardıqları üçün həqiqətən müstəqil ölkələrdir”, - deyə dövlət başçısı qeyd edib.
İ.Əliyev eyni zamanda Azərbaycanın əldə etdiyi nailiyyətləri qeyd edib: “Azərbaycanın güclü iqtisadiyyatı bizə müstəqil xarici siyasət aparmağa imkan verir".