XƏBƏRLƏR / COP29

İlham Əliyev görüşlər keçirir YENİLƏNİB

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verib

İlham Əliyev görüşlər keçirir YENİLƏNİB
  • Oxuma müddəti:

    17 dəqiqə

  • 18:40

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.

    Görüşdə əvvəlcə SOCAR, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və “Albgaz” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. SOCAR-ın həyata keçirəcəyi bu layihə Albaniyanın Korça şəhərində kömürdən və oduncaqdan istifadənin qarşısını alaraq dekarbonizasiya prosesinə ciddi töhfə verəcək və beləliklə, bu, dekarbonizasiyaya xidmət edən layihə olacaq.

    Söhbət zamanı Albaniyanın Baş naziri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyevə dolğun və məzmunlu çıxışına görə təşəkkür edib.

    Azərbaycan ilə Albaniya arasında münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq bildirilib, əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirilib və təqdir olunub.

    ***

    18:30

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer ilə görüşüb.

    Prezident İlham Əliyev bunun Britaniya Baş nazirinin Azərbaycana ilk səfəri olduğunu qeyd edib. Bildirib ki, bu səfər Azərbaycanla Böyük Britaniya arasında əlaqələrdə mühüm əhəmiyyət daşıyır və tarixi bir səfərdir.

    Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Prezident İlham Əliyevi COP29-un Azərbaycanda keçirilməsi və ölkəmizin bu tədbirə sədrliyi münasibətilə təbrik edib.

    İqlim dəyişmələri məsələlərinin Britaniyanın gündəliyində vacib, prioritet məsələlərdən olduğunu deyən Baş nazir Azərbaycan tərəfindən qlobal iqlim dəyişmələri ilə mübarizəyə verilən töhfənin təqdir olunduğunu vurğulayıb.

    Dövlətimizin başçısı Azərbaycanın COP29-un təşkili ilə əlaqədar vaxtının az olmasına baxmayaraq, qısa müddət ərzində bütün təşkilati işlərin həyata keçirildiyini deyib. Prezident İlham Əliyev bu tədbirin mahiyyəti üzrə olan danışıqlar prosesində də artıq irəliləyişlərin olduğunu bildirib. Bu xüsusda, Paris razılaşmasının 6-cı bəndi üzrə əldə olunmuş irəliləyişləri müsbət addım kimi qiymətləndirib.

    Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb, bp-nin sərmayələri ilə Cəbrayılda Günəş panel stansiyasının tikintisi layihəsi yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu layihə dünyanın ən böyük neft-qaz terminallarından biri olan “Səngəçal”da istifadə edilən enerjinin bərpaolunan enerjiyə keçidini və dekarbonizasiyasını təmin edəcək.

    Söhbət zamanı Böyük Britaniyanın Azərbaycanda minaların təmizlənməsi işinə verdiyi dəstək yüksək qiymətləndirilib.

    Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesi ilə maraqlanıb.

    Dövlətimizin başçısı qeyd edib ki, hazırda tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlar davam etdirilir, bu müqavilənin mətninin xeyli hissəsi artıq razılaşdırılıb, sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində də Ermənistan ilə Azərbaycan arasında ciddi irəliləyiş var, 12 kilometrdən artıq sərhəd xətti nəinki delimitasiya olunub, hətta demarkasiyası həyata keçirilib ki, komissiyanın son görüşündə də bu prosesin irəli aparılması barədə razılıq əldə olunub.

    Amma bütün bunlarla yanaşı, dövlətimizin başçısı Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasının vacibliyini bildirib.

    Azərbaycan Prezidenti sülh prosesinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün xalqların sülhə hazırlanmasının önəmini vurğulayıb.

    ***

    17:28

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.

    COP29 tədbirinə dəvətə görə minnətdarlığını ifadə edən Petr Fiala Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu bildirib. Çex Respublikasının Baş naziri COP29-un yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb və bununla bağlı dövlətimizin başçısını təbrik edib. O, COP miqyasında tədbirin belə bir qısa müddətdə təşkil edilməsinin heç də asan olmadığını vurğulayıb.

    Qonaq qeyd edib ki, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyətini əks etdirən çox gözəl təqdimat nümayiş olunub.

    Dövlətimizin başçısı Azərbaycan tərəfindən COP29-a hazırlıq tədbirlərinin qısa müddət ərzində yüksək səviyyədə həyata keçirildiyini və digər COP sədri ölkələrindən fərqli olaraq, bizim hazırlıq üçün çox az vaxtımızın olduğunu vurğulayıb.

    Tədbirin mahiyyəti üzrə aparılan danışıqlar prosesində artıq irəliləyişlərin əldə olunduğunu, qısa müddət ərzində gündəliyin razılaşdırıldığını deyən Prezident İlham Əliyev bu xüsusda vurğulayıb ki, 10 ildən çoxdur müzakirələrin aparılmasına baxmayaraq, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı indiyədək irəliləyişlər əldə olunmamışdır. Ancaq dünən məhz Bakıda bununla əlaqədar müvafiq irəliləyişlərin olduğunu vurğulayan dövlətimizin başçısı bunu müsbət addım kimi qiymətləndirib.

    Prezident İlham Əliyev 2022-ci ildə Avropa Siyasi Birliyi çərçivəsində Çex Respublikasına səfərini məmnunluqla xatırlayıb.

    Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    ***

    17:15

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb.

    Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Andjey Dudaya minnətdarlığını bildirib. Polşa Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Andjey Dudanın ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu deyib.

    Andjey Duda COP29-a dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edərək, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb və bununla bağlı təbriklərini çatdırıb.

    Söhbət zamanı qlobal iqlim gündəliyinin vacibliyi qeyd olunub.

    Polşa ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Azərbaycan-Avropa İttifaqı əlaqələri və regional məsələlər müzakirə edilib.

    Azərbaycanda olan Polşa irsi, həmçinin polyak memarların Bakı şəhərində müxtəlif abidələrin memarlığında iştirakı məsələsi də qeyd olunub.

    ***

    17:02

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

    Söhbət zamanı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dostluq və harmoniya şəraitində yaşamaları məmnunluqla qeyd olunub.

    Dövlətimizin başçısı vurğulayıb ki, ölkəmizdə multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, eyni zamanda, bizim həyat tərzimizdir.

    Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycanda ikinci Katolik kilsəsinin layihələndirilməsi və tikilməsi prosesinə görə təşəkkürünü bildirib. Bu, ölkəmizdə multikulturalizmə və dinlərarası dialoqa verilən töhfənin nümunəsi kimi dəyərləndirilib.

    Prezident İlham Əliyev qədim xristian irsi olan Alban irsinin də Azərbaycanda dövlət tərəfindən qorunduğunu deyib və ölkəmizin ən erkən və qədim xristian icmalarının yaşadığı məkan olduğunu vurğulayıb.

    Görüşdə Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun Vatikanda və dünyanın müxtəlif regionlarında xristian irsinin bərpasına verdiyi töhfə yüksək qiymətləndirilib.

    Azərbaycan ilə Vatikan arasında əlaqələrdən məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    ***

    15:49

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına COP29-un uğurla keçirilməsi ilə bağlı təbriklərini çatdırıb və Azərbaycanın qısa müddət ərzində belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini bildirib.

    Prezident İlham Əliyev qeyd edib ki, COP29 tədbirinin keçirildiyi məkan 8 aylıq bir dövr ərzində hazırlanıb və burada yüksək ətraf mühit standartlarına və davamlılıq prinsiplərinə riayət olunub.

    Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış edib. Türkiyə Prezidenti tədbir çərçivəsində təşkil olunan mədəni təqdimatın da nəfis qaydada hazırlandığını deyib.

    Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    ***

    15:31

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo ilə görüşüb.

    Prezident İlham Əliyev dəvəti qəbul edib COP29 tədbirində iştirak etdiyinə görə Nana Addo Dankua Akufo-Addoya minnətdarlığını bildiribib. Dövlətimizin başçısı qeyd edib ki, Qana Prezidentinin ölkəmizə bu səfəri əlaqələrimizin perspektivlərinin və əməkdaşlığımızın mümkün istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradır.

    COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Nana Addo Dankua Akufo-Addo bu tədbirə dəvətə görə minnətdarlığını bildirib və onun yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla vurğulayıb.

    Qana Prezidenti qeyd edib ki, dövlətimizin başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu və dolğun çıxışı dərin təəssürat yaradıb.

    Qonaq bu tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin inciləri ilə də tanış olmaq imkanı əldə etdiyini bildirib.

    Söhbət zamanı Azərbaycan ilə Qana arasında əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub, iqtisadiyyat, biznes əlaqələri, sərmayə qoyuluşu, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Münasibətlərimizi, o cümlədən iqtisadi əlaqələri inkişaf etdirmək üçün müxtəlif sahələri əhatə edən nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

    Görüşdə elm və təhsil sahəsində əməkdaşlığa toxunularaq, Qanadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları və bu təhsildən çox məmnun qaldıqları bildirilib.

    ***

    15:05

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.

    Qonaq Prezident İlham Əliyevə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu çıxışına görə minnətdarlığını bildirib.

    O, dövlətimizin başçısının Azərbaycanla Küveyt arasında əməkdaşlığın inkişafına daim öz dəstəyini verdiyini vurğulayıb.

    Söhbət zamanı birgə iqtisadi komissiyanın fəaliyyətinin canlandırılması qeyd olunub, turizm sahəsində əməkdaşlığa toxunulub, Küveytdən olan turistlərin Azərbaycana səfərlərindən məmnun qaldıqları vurğulanıb.

    Görüşdə ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    ***

    14:53

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah ilə görüşüb.

    Vəliəhd Şahzadə II Əl Hüseyn bin Abdullah atası - İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl Hüseynin salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kral II Abdullah ibn Əl Hüseynə çatdırmağı xahiş edib.

    Qonaq COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

    İlk dəfə Azərbaycanda olduğunu bildirən İordaniya Haşimilər Krallığının Vəliəhdi ölkəmizdə gördüyü inkişaf proseslərinin onda böyük təəssürat hissi yaratdığını deyib.

    Söhbət zamanı Qəzzaya humanitar yardımların göstərilməsində Azərbaycanla İordaniyanın birgə əməkdaşlığı və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə də Fələstinə humanitar yardımları qeyd edilib.

    ***

    14:45

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez ilə görüşüb.

    Prezident İlham Əliyev İspaniyada baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı başsağlığını çatdırıb.

    Pedro Sançez göstərilmiş həmrəyliyə və başsağlığına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

    Dövlətimizin başçısı dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə İspaniya Krallığı Hökumətinin Sədrinə təşəkkürünü ifadə edib, onun ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu deyib.

    Pedro Sançez COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib. O, bu tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb.

    Qonaq qeyd edib ki, gələn il İspaniyada BMT-nin Davamlı İnkişafın maliyyəlləşməsinə həsr olunmuş böyük tədbirinin keçirilməsi planlaşdırılır və COP29-un nəticələri də onun uğurlu olması işinə xidmət edəcək.

    Prezident İlham Əliyev COP29-un artıq səmərəli nəticələr verməyə başladığını məmnunluqla vurğulayıb.

    İspaniya Hökumətinin Sədri Azərbaycanın Sivilizasiyalar Alyansına göstərdiyi töhfəni yüksək qiymətləndirib.

    Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, bunun üçün birgə işçi qrupunun yaradılması və biznes forumların keçirilməsi barədə razılıq əldə olunub.

    Söhbət zamanı ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, investisiyalar, infrastruktur layihələrinin icrası sahələrində böyük imkanların olduğu qeyd edilib, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda İspaniya universitetlərinin açılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb.