İlham Əliyev İngiltərədə görüşlər keçirib FOTO / YENİLƏNİR
Prezidentin Mətbuat Xidməti xəbər verir
23:05
İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Ziyafətdə İham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş K
***
2o:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
Söhbət zamanı Prezident İlham Əliyevin bu ilin aprelində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı məmnunluqla xatırlanıb, bu çərçivədə Olaf Şolts ilə keçirilmiş görüş və müzakirə olunan məsələlər bir daha vurğulanıb.
Almaniya Kansleri Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin Kansler Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş birgə görüşünün vacibliyi bildirilib.
Bunun ardınca Almaniya tərəfinin dəstəyi və ev sahibliyi ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşünün keçirildiyi qeyd olunub.
Dövlətimizin başçısı Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesinin tərkib hissəsi kimi sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunmuş uğurları xüsusi qeyd edib, delimitasiya prosesi ilə əlaqədar sənədlərin razılaşdırıldığını və prosesin bu xətt üzrə davam edəcəyini bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini, sülh müqaviləsinin tezliklə imzalanmasını və sülh prosesini dəstəkləyir. Amma bunun üçün, ilk növbədə, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşməsini nəzərdə tutan müddəalar dəyişdirilməli, konstitusional əsasda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin dəstəyi ilə keçirilmiş görüşündə də bu məsələlərin müzakirə olunduğu vurğulanıb.
Görüşdə COP29-la əlaqədar hazırlıq prosesi müzakirə olundu. Azərbaycan ilə Almaniyanın bu sahədəki əməkdaşlığı təqdir edilib və yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan COP29-la əlaqədar dünya ölkələri, xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında konsensusun qurulması, həmrəyliyin artırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilib.
Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
***
18:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında siyasi dialoqdan məmnunluq ifadə olunub.
Petr Fiala Azərbaycan ilə Çexiya arasında münasibətlərin strateji xarakteri daşıdığını, əlaqələrimizin çox möhkəm təməllər əsasında qurulduğunu bildirib. Qeyd edib ki, Çexiya Azərbaycan ilə münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir.
Azərbaycan-Çexiya əlaqələrinin dinamik surətdə inkişaf etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu bildirib.
Görüşdə Azərbaycan ilə Çexiya arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan neftinin Çexiyaya ixrac edildiyi, həmçinin qaz sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulanıb. Azərbaycan qazının artıq Çexiyanın qonşu ölkələrinə ixracının təmin edildiyi bildirilərək, Çexiyaya ixrac üçün də yaxşı imkanların olduğu qeyd edilib.
Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, Çexiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunulub, siyasi, iqtisadi, ticarət, investisiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edən Petr Fiala dəvətə görə təşəkkürünü bildirib və bu tədbirdə məmnunluqla iştirak edəcəyini vurğulayıb.
***
17:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.
Görüşdə Finlandiya Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri qismində regiona səfərini və bu yaxınlarda dövlətimizin başçısı ilə telefon danışığını məmnunluqla xatırlayıb, bu telefon danışığı əsnasında müzakirə olunan məsələləri qeyd edib.
Söhbət zamanı Azərbaycanla Finlandiya arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar məsələlərə toxunulub.
Dövlətimizin başçısı sülh gündəliyinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsinin vacibliyini bir daha vurğulayıb.
Görüşdə Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.
Finlandiya Prezidenti böyükmiqyaslı tədbir olan COP29-un ölkəmizdə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. Aleksandr Stubb bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini deyərək, onun təşkilində Azərbaycana uğurlar arzulayıb.
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə Böyük Britaniyanın təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmamasının təəccüb doğurduğunu bildirib, bunun başadüşülən olmadığını təəssüflə qeyd edib.
***
17:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
COP29-un keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Litva Prezidenti bu tədbirə dəvətə görə təşəkkürünü bildirib və Bakıda COP29 çərçivəsində dövlətimizin başçısı ilə görüşəcəklərini vurğulayıb.
Gitanas Nauseda Azərbaycana rəsmi səfərini və səfər zamanı müzakirə olunmuş məsələləri məmnunluqla xatırlayıb.
Söhbət zamanı regional sülh gündəliyi və Azərbaycan-Avropa İttifaqı əlaqələri barədə fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Böyük Britaniya tərəfinin Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmamasını təəssüflə vurğulayıb.
***
14:30
Dövlət başçılarına Serbiya Prezidenti Aleksandr Vuçiç də qoşulub.
***
14:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban ilə söhbətə daha sonra Bolqarıstan Prezidenti Rumen Radev və NATO-nun Baş katibi Yen Stoltenberq qoşulublar. Tərəflər qeyri-formal şəraitdə səmimi söhbət ediblər.
***
13:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib.
Dostluq şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında ikitərəfli munasibətlər və əməkdaşlıqla bağlı məsələlər müzakirə oluub.
Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlanıb.
***
13:56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd ilə söhbət edib.
Söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olunub.
Söhbət zamanı COP29 və iqlim dəyişmələri ətrafında fikir mübadiləsi aparılıb.
***
13:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr müzakirə olunub.
Lüksemburqun Baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin və regionun sabitliyinin ölkəsi üçün vacibliyini bir daha vurğulayıb. O, Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırıb.
Dövlətimizin başçısı regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb.
Azərbaycan ilə Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı və İttifaqa üzv ölkələr ilə çox yaxın əlaqələrə malik olduğu qeyd edilib. Avropa Siyasi Birliyi platformasının müzakirələrin aparılması üçün vacib məkan olduğu bildirilib.
Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb.
Lüksemburqun Baş naziri bu tədbirdə iştirak etmək niyyətində olduğunu diqqətə çatdırıb.