İlham Əliyev İsxaq Hersoqa təbrik məktubu ünvanlayıb
İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü qeyd olunur
"Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə edib və dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alıb."
Bu barədə Prezident İlham Əliyevin İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə israilli həmkarı İsxak Hersoqa ünvanladığı təbrik məktubunda deyilir.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır.
“Bu gün siyasi dialoqumuzun yüksək səviyyəsi iqtisadiyyat, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişləndiriliməsi və yeni məzmunla zənginləşməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, bu il isə Səfirliyinin fəaliyyətə başlamasının dövlətlərarası münasibətlərimizin daha da inkişafına vüsət verəcəyinə əminəm.
İnanıram ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının böyük potensialından daha dolğun istifadə etmək üçün qarşılıqlı səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, – deyə Azərbaycan Prezidenti qeyd edib.