00:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Budapeştdə Macarıstanın Milli bayramı - Müqəddəs Stefan Günü münasibətilə verilən ziyafətdə iştirak ediblər.
***
19:00
Avqustun 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.
Görüşdə Prezident İlham Əliyevin bu ilin aprelində Bosniya və Herseqovinaya rəsmi səfəri və səfər zamanı aparılmış müzakirələrin önəmi vurğulanıb, həmin səfər çərçivəsində Azərbaycan ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasının önəmi qeyd edilib.
Bəyannamədə qarşıya qoyulan vəzifələrin hazırda həyata keçirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı münasibətlərimizin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari əlaqələrin və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Xüsusilə enerji sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, ölkələrimizin aidiyyəti nazirlikləri və təşkilatları arasında bu sahədə görüşlərin keçirildiyi bildirilib, qarşıya qoyulan iqtisadi və investisiya layihələrinin reallaşdırılması üzrə müzakirələrin aparıldığı qeyd olunub.
***
16:45
Avqustun 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub.
Görüşdə Macarıstanın Baş naziri Viktor Orban ölkəsinə səfərə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Macarıstanın Milli günü münasibətilə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı bu ilin yanvarında Macarıstana səfərini və səfər zamanı aparılmış səmərəli və əhatəli müzakirələrin vacibliyini vurğulayıb, əldə edilmiş razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Macarıstanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.
Dəvət minnətdarlıqla qəbul olunub.
Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edilib, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunulub, ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirilib və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulanıb. Elm-təhsil sahəsində əməkdaşlıq qeyd edilib, xüsusilə Macarıstanda azərbaycanlı tələbələrə ali təhsil üzrə təqaüdlərin verilməsi təqdir olunub, gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlıq məsələləri xüsusi vurğulanıb.
Söhbət zamanı, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi qeyd olunub, Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artması vurğulanıb.
Görüşdə ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.
***
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeşta işgüzar səfərə gedib.
Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın ədliyyə naziri Bentze Tujon və digər rəsmi şəxsləri qarşılayıblar.