İlham Əliyev Münxendə AİB prezidenti ilə görüşüb YENİ
Avropa İnvestisiya Bankı dünyanın ən böyük dövlətlərüstü kreditorlarından biridir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer ilə görüşüb.
Avropa İnvestisiya Bankı (The European Investment Bank - EİB) Avropa Birliyinin investisiya bankıdır və Aİ Üzv Dövlətlərinə məxsusdur. O, dünyanın ən böyük dövlətlərüstü kreditorlarından biridir. EİB kreditlər, zəmanətlər və texniki yardımlar vasitəsilə Avropa İttifaqının siyasət məqsədlərinə çatan həm kapital, həm də borc həlli layihələrini maliyyələşdirir və sərmayə qoyuan maliyə qurumudur.
Dövlətimizin başçısı Avropa İnvestisiya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib, ölkəmizin Avropa İttifaqı ilə çox sıx əlaqələrinin olduğunu bildirib. Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşı kimi yaxından iştirakına görə təşəkkürünü ifadə edib.
Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi konsepsiyası haqqında məlumat verən dövlətimizin başçısı Avropa İnvestisiya Bankının hər üç sahə üzrə ölkəmizin yaxın tərəfdaşı ola biləcəyini deyib.
Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşlərini məmnunluqla xatırladıb.
Dövlətimizin başçısı hazırda Azərbaycanın Avropa İttifaqının enerji təminatında oynadığı rolu, Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını qeyd edib.
Azərbaycanın Avropanın enerji bazarına qaz ixracını artırdığını diqqətə çatdıran Prezident İlham Əliyev, həmçinin ölkəmizin Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpaolunan enerji potensialına malik olduğunu vurğulayıb. Dövlətimizin başçısı bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini diqqətə çatdırıb, hazırda beynəlxalq tərəfdaş şirkətlərlə 25 qiqavatadək bərpaolunan enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını, bu istiqamətdə işlərin aparıldığını vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın Orta Dəhliz üzərində yerləşən ölkə olaraq nəqliyyat-logistika potensialının daha da artırılması və azad ticarət zonasının yaradılması planları haqqında məlumat verərək, bu sahədə də əməkdaşlıq imkanlarının böyük olduğunu diqqətə çatdırıb, eyni zamanda, ölkəmizdə cəlbedici investisiya mühitinin yaradıldığını bildirib.
Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer Prezident İlham Əliyev tərəfindən qeyd olunan strateji xəttin rəhbərlik etdiyi maliyyə qurumunun maliyyələşdirmə strategiyası, həmçinin Avropa İttifaqının da qəbul etdiyi “EU Global Gateway” strategiyasında nəzərdə tutulmuş hədəflər ilə tam uyğunluq təşkil etdiyini bildirib və bu sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. O, Avropa İnvestisiya Bankının xüsusilə “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəklədiyini diqqətə çatdırıb.
Verner Hoyer Prezident İlham Əliyevin ölkənin maliyyə resurslarından müdrikliklə istifadə edərək Azərbaycanın uzunmüddətli inkişafına xidmət göstərən layihələrin icra olunduğunu vurğulayıb. O, həmçinin Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rola görə təşəkkürünü ifadə edib.