İlham Əliyev qəbullar keçirib YENİLƏNİB
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verib
14:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkartini qəbul edib.
COP29-un əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun keçirilməsi ilə bağlı Azərbaycanın bir ildən də az vaxtı olmasına baxmayaraq, ölkəmizdə bu tədbirlə əlaqədar yüksək səviyyədə hazırlıq işlərinin getdiyini bildirib.
Azərbaycanın ölkələr və beynəlxalq aləmin qlobal iştirakçıları arasında körpü qurulması işində fəal rol oynadığını deyən dövlətimizin başçısı vurğulayıb ki, ölkəmiz uzun illərdir beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirir və Qoşulmama Hərəkatına uğurla sədrlik etmişdir. Bütün bunlar da COP29-un təşkili üçün yaxşı əsas yaradır.
Söhbət zamanı Azərbaycanın və Böyük Britaniyanın COP komandaları arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub, Britaniya hökumətinin gündəliyində iqlim dəyişməsinin prioritet məsələ olduğu bildirilib.
Görüşdə bərpaolunan enerji sahəsində ölkələrimiz arasında əməkdaşlığın perspektivləri, həmçinin Azərbaycanın COP-un gündəliyində duran prioritetləri və təşəbbüsləri müzakirə olunub.
Dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji istiqamətində həyata keçirdiyi tədbirlərə toxunub. Ölkəmizin bərpaolunan enerji potensialının artması, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək kabel xətti üzrə dördtərəfli layihə, həmçinin Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən bərpaolunan enerji layihəsi barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı COP29-un gündəliyinin müəyyən edilməsi baxımından Bakıda keçirilən COP-öncəsi tədbirin əhəmiyyətinə toxunulub.
***
14:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da BMT Baş katibin birinci müavini Amina Mohammedi qəbul edib.
Amina Mohammed BMT Baş katibinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı COP çərçivəsində BMT Baş katibini Azərbaycanda məmnuniyyətlə gözlədiyini deyib.
Qonaq ölkəmizdə COP29-un təşkil olunması işində Azərbaycan Prezidentinin rəhbərliyini yüksək qiymətləndirib. O, BMT-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında COP gündəliyinin irəli aparılması üzrə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Azərbaycan nümayəndə heyəti ilə yaxşı əməkdaşlığın və əlaqələrin olduğunu vurğulayıb.
Amina Mohammed Gələcəyin Paktı sənədinə Azərbaycanın da qoşulmasını və onu dəstəkləməsini yüksək qiymətləndirib. O, iqlim dəyişikliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri arasında birbaşa əlaqənin olduğunu bildirərək, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri vurğulayıb.
BMT Baş katibinin birinci müavini Azərbaycanın sədrlik etdiyi COP-da əsas mövzunun maliyyə məsələsi olacağına toxunaraq, yeni kəmiyyət maliyyə hədəfi ilə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən qarşıya yeni məqsədlərin qoyulacağına və onun müəyyənləşdiriləcəyinə ümidvarlığını ifadə edib.
Dövlətimizin başçısı COP-a hazırlıq prosesində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) və Təşkilatın digər strukturları ilə əməkdaşlıqdan məmnunluğunu bildirib.
Azərbaycan dövlətinin uzun illər beynəlxalq aləmdə fəal rolunu, həmçinin dünyanın qlobal iştirakçıları arasında bir körpü olduğunu məmnunluqla vurğulayan Prezident İlham Əliyev COP29-un uğurla keçəcəyinə ümidvarlığını ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə fəal əməkdaşlıq həyata keçirdiyini, bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını vurğulayaraq bildirib ki, bütün bunlar Azərbaycanda COP29-un uğurla keçiriləcəyinə yaxşı əsas yaradır. Prezident İlham Əliyev ölkəmizin COP29-da konsensusun əldə olunması üçün səylər göstərdiyini bildirib. Dövlətimizin başçısı “troyka” formatına toxunaraq, Azərbaycanın COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi edəcək Braziliya ilə fəal işlər apardığını deyib.
Görüşdə COP29-un təşkili və ölkəmizin bu mötəbər tədbirə sədrliyi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Bakıda COP-öncəsi keçirilən tədbirin önəmi qeyd edilərək, burada aparılan müzakirələrin COP29-un gündəliyinin müəyyən olunması baxımından vacibliyi vurğulanıb.
***
14:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib.
Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Con Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli və məhsuldar söhbətlərin aparıldığını deyib. Qonaq Azərbaycan Prezidenti ilə COP29 barədə fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğulayıb. Con Podesta deyib ki, COP sədri qismində ölkəmizin hazırlıq üçün vaxtının az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib. O, qarşıdan gələn COP-da İkiillik Şəffaflıq hesabatları və digər məsələlər, xüsusilə də yeni kəmiyyət maliyyə hədəfi üzrə mühüm qərarların qəbul olunmasının vacibliyini bildirib.
Prezident İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını məmnunluqla qeyd edib. COP29-un əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu tədbirin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirib. Prezident İlham Əliyev bu konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az müddət olmasına baxmayaraq, onun yüksək səviyyədə təşkil olunması və iştirakçı ölkələr arasında konsensusun əldə edilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini deyib. Azərbaycan tərəfinin sədr olaraq ölkələr arasında körpülərin qurulmasına çalışdığını vurğulayan dövlətimizin başçısı ölkəmizin bir sıra təsisatlarda üzvlüyünün və müxtəlif dövlətlərlə yaxın əlaqələrinin olmasının COP29-da konsensusun qurulması prosesinə töhfə verəcəyinə ümidvarlığını ifadə edib.
Söhbət zamanı Azərbaycan və ABŞ COP nümayəndə heyətləri arasında yaxşı əməkdaşlığın olduğu vurğulanıb. Bakıda keçirilən COP-öncəsi tədbirin vacibliyi qeyd olundu və bu çərçivədə aparılan müzakirələrin qarşıdan gələn COP tədbirinin gündəliyinin müəyyən olunması üçün önəmi bildirilib.
Con Podesta ABŞ-ın regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.
44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan tərəfi olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub.