İlham Əliyev yeni xidmət rəisi təyin etdi
Mürsəl İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib
Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin əvvəlki sərəncamı ilə Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Yeni təyin edilan Mürsəl İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub. O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.
1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib.
Məlumata görə, Mürsəl İbrahimov əvvəllər 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub. Yeni rəis 2015-ci ildə prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə görə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Həmin dövrdə Mürsəl İbrahimov polkovnik rütbəsini daşıyıb.
M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. 2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank” ASC Təhlükəsizlik Departamentin direktoru olub.