Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını istəyir
Ermənistanın baş naziri İrəvanda mətbuat konfransı keçirir YENİLƏNİR
14:34
Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə Rusiya, ABŞ və Fransadan ibarət ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.
“Sülh kontekstində biz ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərar qəbul etməyi mümkün hesab edirik. Sülh bərqərar olmuş fakt olan zaman belə bir formatın mövcudluğu suallar yarada bilər”, - o deyib.
Paşinyanın sözlərinə görə, bütün məsələlər zamanla bağlıdır. “Bu cür mövzuları indi müzakirə predmetinə çevirməyin nə dərəcədə effektiv və düzgün olduğunu başa düşməliyik”, - Ermənistanın baş naziri əlavə edib.
***
14:16
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsini tərk edən ermənilərin, indi separatçı rejimin bəzi keçmiş nümayəndələri tərəfindən formalaşdırılan məntiqlə, geri qayıtmasının real olmadığını bildirib.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə o, mətbuat konfransında söyləyib.
Ermənistanın baş naziri bildirib ki, Qarabağda qanunsuz separatçı qurumun ləğvi ilə bağlı fərman imzalayan və oranı təcili tərk edən şəxslər indi geri qayıtmaqdan danışırlar.
“Mənim özümü ötən il ermənilərin Qarabağı və Şərqi Zəngəzuru tərk etməsinə maneə törətməkdə günahlandırırdılar, indi isə insanların ora qayıtmasına mane olduğuma görə mənə irad tuturlar”, - Paşinyan deyib.
Paşinyan vurğulayıb ki, qondarma rejimin ləğvindən bir qədər əvvəl orada “hakimiyyət” dəyişikliyi baş verib və bu, Ermənistandakı məlum dairələr tərəfindən dəstəklənib.
***
13:55
Biz ötən gün rəsmi Bakıya Sülh müqaviləsinə dair növbəti təklifləri təqdim etmişik.
Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.
O deyib ki, sülh razılaşmasının yekun variantında mündəricat da daxil olmaqla, mövcud 17 bənddən 13-ü artıq razılaşdırılıb. Ermənistanın hökumət başçısının sözlərinə görə, sənəddəki bəndlərdə yer alan bir çox anlayışlar üzrə də razılıq əldə olunub:
“Bəndlərdəki bir çox anlayışlar razılaşdırılıb. Bizim təklifimiz ondan ibarətdir ki, razılaşdırılan bütün bəndlərin əsasında sülh müqaviləsini imzalayaq. Bunu ona görə vacib hesab edirik ki, bu bəndlərdə müqavilənin bütün əsas prinsipləri razılaşdırılıb. Ona görə də təklif edirik ki, sənədi imzalayıb ratifikasiya edək, digər məsələləri isə daha sonra razılaşdıraq”.
***
13:40
Ermənistan günü sabah Azərbaycanla avtomobil yollarını açmağa hazırdır.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib.
“Ermənistan günü sabah Azərbaycanla avtomobil nəqliyyatı əlaqələrini açmağa hazırdır”, - o deyib.
Baş nazirin sözlərinə görə, rəsmi İrəvan həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasını təmin etməyə hazırdır.
***
13:32
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regional kommunikasiyaların açılmasının məhz Ermənistan tərəfindən sabotaj edildiyi barədə fikirlərinə münasibət bildirib.
O bildirib ki, üçtərəfli bəyanata fraqmental nöqteyi-nəzərdən deyil, bütövlükdə yanaşılmalıdır.
“Rusiyalı tərəfdaşlarımızın üçtərəfli bəyanata aidiyyəti olmayan və onun ruhuna zidd olan şərhləri səbəbindən regional kommunikasiyalar hələ də açılmayıb. Ermənistan bu məsələni sabotaj etmir, əksinə, kommunikasiyaların açılmasında maraqlıdır. Bu layihə isə “Sülh kəsişməsi” adlanır”.
***
13:20
Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda keçiriləcək COP29 beynəlxalq iqlim forumunda iştirakı ilə bağlı hələlik qərar verməyib.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə o, onlayn mətbuat konfransında bildirib.
Məlumat yenilənir.
***
12:51
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı danışıqları davam etdirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan-Azərbaycan sərhədində görüşməyə hazır olduğunu bildirib.
O, hesab edir ki, Azərbaycanla birbaşa danışıqlar müsbət nəticə verir.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqların ikitərəfli formatını ən düzgün hesab edir, çünki bu, irəliləyişə səbəb olub.
Eyni zamanda, Paşinyan digər mümkün formatlardan da imtina etmir.