İndiyədək 168 min hektar ərazi minadan təmizlənib
Bunu ANAMA-nın idarə rəisi Ramil Əzizov deyib
“Vətən müharibəsindən bu zaman qədər 168 min hektar ərazi minalardan təmizlənib. Ancaq təəssüf ki, hələ də mina partlayışı səbəbindən dünyasını dəyişən insanlar var”.
Bunu Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) idarə rəisi Ramil Əzizov deyib.
O qeyd edib ki, mina partlayışı səbəbindən dünyasını dəyişən insanların sayı ötən illərlə müqayisədə 60 faiz azalıb: “Bu nəticənin bir digər səbəbi maarifləndirmə tədbirləri ilə bağlıdır. İşğaldan azad olunmuş əraziyə səfər edən şəxslər artıq daha diqqətli davranırlar”.
Ramil Əzizov deyib ki, işğaldan azad olunan ərazilərdə 1,5 milyon mina olduğu ehtimal edilir.
O bildirib ki, təmizlənmiş ərazilərdən 161 min mina aşkarlanıb. “Bu, beynəlxalq problemdir. Düşünürəm ki, növbəti illərdə minadan təmizləmə aktual məsələ olaraq qalacaq”, - deyə o əlavə edib.