BLOQ

İran müharibə edəcəkmi, etməyəcəkmi?

Hansı halda Tehran bizə dişlərini qıcıdar?

İran müharibə edəcəkmi, etməyəcəkmi?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Sakit olun.

    İran, bura - yəni Quzey Azərbaycana bircə halda hücum edə bilər - əgər Çin də Tayvan adası üzərinə hücum etsə.

    Hə... ancaq bu halda Tehran dişlərini qıcıdar bizə qarşı. Başqa böhran hallarında inanmayın, Tehran əlini ağdan qaraya vuran deyil.

    İran rejimi Rusiya, Ermənistan çağrılarını, ssenarilərini də ciddiyə almır. Tehranda ancaq Şimali Koreyanı, Çini ciddi qəbul edirlər.
    İkiyə bölünmüş Azərbaycanın geopolitik oxşarı elə lap əvvəldən bizim yaxın ətrafda yox...yenə də Uzaq Şərq ucqarlarındaydı. Təbriz mövzusu, Azərbaycan ağrısı ilk dəfə 1940-cı illərdə Koreya faciəsi ilə birgə BMT qərarlarında hallandırılıb. Yəni, ikiyə bölünmüş Azərbaycan, ikiyə bölünmüş Koreya faciəsi ekiz geopolitik qardaşlardır. Oxşarlardır. Göbəklərini eyni qüvvələr kəsib.
    1949-53-cü illərdə bir dəstə Təbriz fədaisi, yüzə yaxın, gedib hətta Koreyada Pxenyan yanlısı kimi döyüşüblər də. İtkiləri də olmayıb.

    Bu haqda da əldə qəribə məlumatlar var.

    Qısası, bizim futuristika Koreya, Tayvan mövzusu ilə bağlıdır.

    İsrail, Fələstin müsəlman qardaşlığı, şiə mərsiyəxanlığı ilə əsla bağlı deyil. Net. Nöqtə.
    Ən məxfi sənədlərdə də bilin, vəziyyət belədir. Dəyişilməzdir.

    Tayvan təhlükəsi mövzusunda alarm siqnalı yanıb-sönərsə, Koreya böhranında təyyarələr səmaya qalxarsa, "Azərbaycan" kod şifrəsi həmin geopolitik tərəzinin, həmin geopolitik mənzərənin əsas tənzimləndirici çəki daşı sayılacaq.

    P.S. Herat ilə Şimali Azərbaycanı Qacarlar təxminən eyni vaxtda, eyni şəraitdə - XIX əsrin ilk rüblərində itirdilər. Sonra talibləri Bakını Yerevana, Vaşinqtona sataraq, gizlincə bu əraziləri ABŞ və Yerevanla birgə idarə etdilər. Ancaq 2020-21-ci illərdə əvvəlcə Qarabağ, sonra Herat eyni ssenari ilə Tehranın peyk cazibəsindən çıxarıldı. Müharibə olmadı ki? Olmadı. Olmayacaq da.

    Yəni, İran gizli strateji diplomatik xəritələrində Şimali Azərbaycan, Herat, Əfqanistanla müharibə ssenariləri yoxdur.
    Müharibə ssenarisi bircə halda alarm siqnallıdır - əgər Çin öz ərazisi bildiyi Tayvan adası üzərinə hücum etsə.

    Hə... yalnız bu halda Tehran bizlə müharibə haqda ciddi düşünəcək.
    Bu qədər net və aydın.