MÜSAHİBƏ

İran Azərbaycanla konfrantasiya yolunu seçəcək, ya yox?

Bu və digər suallara Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ANSPress-ə müsahibəsində cavab verib

İran Azərbaycanla konfrantasiya yolunu seçəcək, ya yox?
Tofiq Zülfüqarov
  • Oxuma müddəti:

    3 dəqiqə

  • “ANS Press”ə müsahibəsində Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, İrandakı bəzi dairələr Azərbayana qarşı təbliğat apardığından iki ölkə arasındakı münasibətlər pozulub. Ardınca terror hadisəsinin baş verməsi vəziyyəti daha da gərginləşdirib.

    - Problem ondan ibarətdir ki, İrana qarşı artıq Qərb koalisiyası və Ərəb koalisiyası mövcuddur. Doğrusu, indi çox vacib məqamdır ki, Azərbaycana münasibətdə İran hansı xətti seçəcək? Bəllidir ki, Azərbaycan tək deyil, Azərbaycan-Türkiyə müttəfiqliyi var. Bu boyda problemlərin qarşısında İran Azərbaycanla konfrantasiya yolunu seçəcək, ya yox? Bu da sual altındadır. Mən hesab edirəm ki, burada Türkiyə-Azərbaycan tandemi İran üçün çox böyük problemlər yarada bilər. Ona görə mən ümid bəsləyirəm ki, İran artıq normal bir siyasi xətt seçəcək. Hər halda mən istəməzdim ki, məsələlər daha da gərginləşsin.

    - Sizcə vəziyyət bundan daha da gərgin olacaq?

    - Artıq hərbi əməliyyatlar gedir. Biz görürük ki, İsrail tərəfindən zərbələr endirilir. Bəllidir ki, koordinasiya var – Qərb və Ərəb koalisiyası. Fars körfəzində olan ölkələrin İranla münasibəti çox gərgindir. Azərbaycana qarşı da bu gərginliyin artmasının tək ünvanı Azərbaycan ola bilməz. Çünki Azərbaycan-Türkiyə müttəfiqliyi var. Türkiyənin gücü, Türkiyə-Azərbaycan gücü ciddi bir məsələdir. Bu qədər ağılsızdırlar ki, düşmənlərinin siyahısına bizi də əlavə etsinlər? Hər halda məntiqə uyğun olmayan bir addım olacaq.

    - Çox vaxt İrandakı, hətta yüksək rütbəliləri belə fanatik kimi, qeyri-ciddi qələmə verirlər.  

    Bu məsələni istəyirəm xüsusi ilə qeyd edim: düzdür, bəzən biz elə fikirləşirik ki, İranda radikallar deyəndə guya başıpozuq, ağılısız, fanatiklər nəzərdə tutulur. İndi onlarıın təmsilçiləri çox varlı insanlardır. Çünki uzun müddətdir onlar İranın sanksiyadan kənar neft ixracının sahibi olublar. Bu baxımdan çox varlıdırlar. Ona görə onların fanatik olması çübhə altındadır. İkincisi, onlar vəsaitlərinin çoxunu ölkədən xaricdə saxlayırlar. Bu çox vacib amildir. İkinci amil ondan ibarətdir ki, onların daxildə də müxalif dairələri var, çünki, baxın, üç aydır İranda nümayişlər və etiraz aksiyaları səngimir. Bəzən sual verilir ki, onların başında kim durur? Əslinə qalsa, liderləri daxildədir. Bu, dövlətdən kənarda qurulan siyasi elitanın müqavimətidir. Yəni daxildə də böhran var. İranın xaricdəki təhlükələri məlumdur. Azərbaycanın siyasi xətti bəllidir. Biz gərginliyin tərəfdarı deyilik, amma hər bir məsəldə adekvat cavab verməyə hazırıq. Seçim İran tərəfinindir. Ən azı, burada dayanmalıdırlar. Terror aktına münasibət də dəyişməlidir. Terror aktını icra edən bəllidir, amma bunun sifarişçilərini müəyyən etmək və məsuliyyətə cəlb etmək lazımdır. Dünyanın heç bir yerində terror aktından sonra terrorçuya mikrofon vermirlər ki, siyasi bəyanatlar versin. Terror hücumu baş verəndən 20 dəqiqə sonra polis və təhükəsizlik xidməti yoxa çıxıb, özü də diplomatik bölgədə. Bəllidir, bu ssenaridir.