İran mətbuatı təlimin "Naqorno-Karabax"da olacağını yazır
İranın "PressTV" saytı Azərbaycan Müdafiə Nazirliyinə istinad etsə də, mövcud olmayan ünvan göstərib
Xəbər verdiyimiz kimi, bu gün 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlim keçiriləcək. Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran İslam Respublikasının Ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlim keçiriləcək. Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yaymışdı.
Lakin molla rejiminin bəzi KİV-ləri Müdafiə Nazirliyinin məlumatını kobud sürətdə təhrif edib. Belə ki, ingilis dilində çıxan "PressTV" saytı birgə hərbi təlimin mövcud olmayan "Nagorno-Karabax" ərazisində keçiriləcəyini yazıb. Əlavə edilib ki, "Qarabağ 30 ildən artıqdır Bakı ilə İrəvan arasında mübahisənin mərkəzindədir".
Maraqlısı budur ki, məqalədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edilir. Lakin göstərilən məlumatda təlimin ünvanı açıq-aydın Naxçıvan Muxtar Respublikası göstərilib.
Qonşu dövlətlə birgə xoşməramlı təlimə baxmayaraq, İran tərəfi təxribatlardan da yan keçmir və bununla da iki qonşu dövlət arasında münasibətlərin normallaşmasına imkan vermir.