XƏBƏRLƏR / Qalmaqal

İran səfiri Azərbaycan XİN-ə çağırılıb, cavab notası verilib

Bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə İranın Azərbaycana notasına dair mətbuatın sualına cavabında deyib

İran səfiri Azərbaycan XİN-ə çağırılıb, cavab notası verilib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə istinadən, Azərbaycan mediasında İran əleyhinə yayımların və məqalələrin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi üçün İran tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə nota təqdim edildiyi bildirilir. Bu xəbəri necə şərh edən XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib: "İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanlanmış sözügedən notası 3 aprel tarixində daxil olub. 

    Qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

    İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub.

    İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.

    Bununla yanaşı, ölkələrimiz arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub.

    Görüş zamanı, İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi vurğulanıb".