Reportaj

İranın yeni Prezidenti haqqında maraqlı məlumatlar

Məsud Pezeşkian parlamentdə Təbrizi təmsil edib

İranın yeni Prezidenti haqqında maraqlı məlumatlar
Məsud Pezeşkian
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Tehranın siyasi istebleşmentində nisbətən aşağı profilli siyasi xadim olan Məsud Pezeşkian İran İslam Respublikasının yeni Prezidenti seçilib.

    İran mediası xəbər verir ki, yeni dövlət başçısı Məhəmməd Hatəmi hökumətində (2001-2005) səhiyyə naziri vəzifəsində çalışıb və 2008-ci ildən İran parlamentində Təbriz şəhərini təmsil edib.

    Təcrübəli kardioloq olan Pezeşkian əvvəllər İranın şimalındakı aparıcı tibb müəssisələrindən biri olan Təbriz Tibb Elmləri Universitetinə rəhbərlik edib. Onun prezidentliyə əvvəlki iki uğursuz namizədliyi 2013 və 2021-ci illərə təsadüf edib.

    Pezeşkian 2013-cü ildə sabiq Prezident Seyid Haşimi Rəfsəncaninin xeyrinə sonrakı mərhələlərdə prezidentlik yarışından geri çəkilib; 2021-ci ildə onun namizədliyi ölkənin ən yüksək nəzarət orqanı olan İnqilab Keşikçiləri Şurası tərəfindən rədd edilib.

    İranın aparıcı islahatçı koalisiyasının dəstəklədiyi budəfəki yarışda yeganə islahatçı namizəd kimi Pezeşkian son həftələrdə fəal seçki kampaniyası aparıb. Onun namizədliyi keçmiş islahatçı siyasətçilərin və nazirlərin, o cümlədən sabiq Prezident Həsən Ruhani dövründə iki müddət xarici işlər naziri olmuş Cavad Zərifin iştirakı ilə daha da güclənib.

    Seçkiqabağı sorğular zamanı, xüsusən də daxili və xarici siyasət məsələləri ilə bağlı səs-küylü birinci turda prezidentliyə namizədlərin apardığı teledebatdan sonra Pezeşkiana əhəmiyyətli dəstək artıb.

    Pezeşkian Qərb də daxil olmaqla dünya ilə diplomatik əlaqələrə daha açıq olacağını, iqtisadi və mədəni sahədə islahatlara başlamaq niyyətində olduğunu bildirib. O, prezidentlik debatlarında sanksiyaların ticarət tərəfdaşlarını cəlb etməkdə maneə rolunu oynadığını və sərhədləri açmadan 8 faizlik iqtisadi artıma nail olmağın mümkün olmadığını iddia edib.

    Yeni Prezident islahatçı həmkarı olan Həsən Ruhaninin administrasiyası zamanı İran və dünya gücləri arasında 2015-ci ildə əldə edilmiş nüvə razılaşmasını da qətiyyətlə müdafiə edib.

    Pezeşkian, həmçinin qadınlarla bağlı məsələlər, o cümlədən məcburi hicab və ya islami hicab haqqında danışaraq, bu cür geyim kodu haqqında parlamentin qanun layihəsinin tətbiqinə qarşı olduğunu da bildirib.