İrəvan Qarabağda hərbi cinayətlərə görə məsuliyyət daşıyır
Avropa İnsan Hüquqları Məhkəməsi Qarabağda hərbi cinayətlərə görə Ermənistanın məsuliyyət daşıdığını tanıyıb
Avropa İnsan Hüquqları Məhkəməsi "Ohanesyan və Karapetyan Ermənistana qarşı" işi üzrə qərar qəbul edib.
Bu iş üzrə ərizəçilər Ermənistan vətəndaşları Mikael Ohanesyan və Svetlana Karapetyandır. Onların oğulları R.Ohanesyan və A.Sarqsyan Qarabağda xidmət zamanı həlak olublar.
Hər iki əsgər 2009 və 2008- ci illərdə Ermənistandan orduya çağırılıb və "Dağlıq Qarabağ Respublikasında" (Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında dırnaq işarəsilə yazılıb- red.) yerləşən hərbi hissəyə xidmətə göndərilib.
2010-cu il iyulun 28-də saat 18:00-a yaxın Ohanesyan, Sarqsyan və digər dörd hərbçi güllə yarasından ölmüş vəzyyətdə tapılıb. Ərizəçilərin bildirdiyinə görə, onların övladları nizamnamədənkənar münasibətlərin qurbanı olublar, işgəncələrə, döyülmələrə məruz qalıblar və öldürülüblər.
Ərizəçilər hesab edirlər ki, Ermənistan hakimiyyəti bütün günahkarların, o cümlədən yüksək vəzifəli komandirlərin müəyyən edilməsi və cəzalandırılması üçün effektiv araşdırma aparmayıb.
Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsi üzrə ərizəçilərin hüquqlarının pozulduğunu tanıyıb. Strasburq məhkəməsi hər bir ərizəçiyə 30 min avro kompensasiya ödənilməsini qərara alıb.
Beləliklə Ermənistanın öz vətəndaşlarını Azərbaycanın işğal olunmuş ərazisinə orduya xidmətə göndərməsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında bir də təsdiqlənir.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktının beynəlxalq məhkəmə instansiyasında bir daha təsdiqi baxımından Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarını çox vacibdir.