İrəvan separatçıların yeni başçısını təbrik etmədi
Bu barədə Ermənistanın “Hraparak” nəşri bildirib.
Şənbə günü Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti altında olan ərazilərindəki erməni separatçılar özlərinə yeni başçı seçdilər. Xankəndidə keçiriliən qondarma “seçki”ni separatçılar “prezident seçkisi” kimi təqdim etsələr də, xarici dövlətlər və beynəlxalq təşkilatlar separatçıların bu addınını pisləyən bəyanalar verdilər.
Avropa Şurası bəyan edib ki, Xankəndidəki qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur.
Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və TürkPA da seçkilərə kəskin mənfi münasibət bildirib.
Böyük Britaniya, Gürcüstan, Pakistan, Moldova, Ukrayna, Türkiyə və digər dövlətlər qondarma seçkiləri təhlükəsizliyə təhdid kimi dəyərləndiriblər.
Ermənistan hakimiyyəti də Qarabağdakı separatçı rejimin yeni başçısı Samvel Şahramanyanı təbrik etməyib. Nə baş nazir Paşinyan, nə parlamentin sədri Alen Simonyan, nə də Ermənistan prezidenti Vaaqn Xaçaturyan Samvel Şahramanyan haqqında bir kəlmə belə deməyə cəsarət edib.
Bu barədə Ermənistanın “Hraparak” nəşri bildirib.
Qəzet Ermənistan prezidentinin iqamətgahından Vaaqn Xaçaturyanın Samvel Şahramanyanın ünvanına nə üçün heç bir söz və ya təbrik mesajı göndərmədiyini öyrənməyə çalışıb. Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri A.Marqaryan açıqlama verməkdən yayınaraq deyib ki, o bu sualı cavablandıra bilməyəcək.
Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Qaqik Melkonyan jurnalistlərə deyib ki, o da Şahramanyanı hələ təbrik etməyib. Amma vaxtı gələndə təbrik edəcək.