İstanbulda güclü leysan ciddi fəsadlar yaradıb FOTO
Şəhərdə hər kvadrametrəyə 100 litr yağıntı düşüb
Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları ciddi fəsadlara səbəb olub.
Şəhərin bir sıra ərazilərini su basıb, nəqliyyatın hərəkəti iflic olub, təhsil müəssisələrində dərslərin dayandırılması barədə qərar qəbul edilib. İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar sabah məktəblərdə tədris dayandırılıb.

İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin səlahiyyətlərini icra edən Nuri Aslan bildirib ki, son 12 saat ərzində şəhərdə hər kvadratmetrə 100 litrə yaxın yağıntı düşüb.
O, sakinləri ciddi zərurət olmadıqda evlərini tərk etməməyə, şəhər daxilində hərəkət zamanı isə ictimai nəqliyyatdan istifadə etməyə çağırıb. Güclü yağışlar İstanbulun əsas yollarında nəqliyyatın hərəkətini iflic edib.

Taksim meydanı, İstiqlal küçəsi, Ayamama çayı ətrafı və E-5 avtomobil yolunun bəzi hissələri su altında qalıb. Əlverişsiz hava şəraiti səbəbindən şəhərdə bəzi bərə reysləri də ləğv edilib. İstanbul Valiliyi əlavə təhlükəsizlik tədbirləri barədə qərar qəbul edib. Qərara əsasən, çərşənbə günü saat 21:00-dan etibarən motosikletlərin və digər ikitəkərli nəqliyyat vasitələrinin hərəkəti növbəti göstərişədək qadağan olunub.
1 dəqiqə