XƏBƏRLƏR / Hava

İstiliyin iqlim normasından yüksək olacağı gözlənilir

Milli Hidrometeorologiya Xidmətindən bildirilir

İstiliyin iqlim normasından yüksək olacağı gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yay fəslinin qarşıdan gələn günlərində ölkəmizin əksər bölgələrində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    O deyib ki, qlobal iqlim dəyişməsi demək olar ki, dünyanın hər bir regionunda hiss olunacaq səviyyədədir. Bu da daha çox havanın temperaturunun yüksəlməsi ilə özünü büruzə verir. Ölkəmizdə də iqlim dəyişikliyinin təsiri son illər ərzində daha qabarıq hiss olunmaqdadır.

    Nazim Mahmudov

    “Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən bu ilin yay fəslində həm Abşeron yarımadasında, həm də bölgələrdə havanın temperaturunun iqlim normasından yüksək olacağı, ayrı-ayrı günlərdə isə anomal isti keçəcəyi ehtimal olunur. Yağıntının miqdarının normaya yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər az olacağı proqnozlaşdırılır. Ümumilikdə iyul-avqust ayları ölkəmizin yerləşdiyi fiziki-coğrafi mövqeyə uyğun olaraq ən isti aylardan hesab olunur”.

    N.Mahmudov qeyd edib ki, qlobal iqlim dəyişmələri fonunda isti hava dalğalarının təsiri nəticəsində ötən illərə nisbətən bu ilin yayında isti günlərin bir qədər davamlı olacağı ehtimalı çoxdur.