XƏBƏRLƏR / İctimaiyyət

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

İtkin düşmüş şəxslərə dair beynəlxalq konfrans keçirilir

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb
  • Oxuma müddəti:

    16 dəqiqə

  • 10:28

    2026-cı il oktyabrın 1-nə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında hərbi təcavüz nəticəsində itkin düşmüş 4 010 nəfər qeydiyyatdadır. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində itkin düşüb. İtkinlərin 3 228 nəfəri hərbçi, 782 nəfəri mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs vardır.

    Bu rəqəmlər faciənin miqyasını göstərir. Bizim vəzifəmiz isə hər bir insanın taleyinə aydınlıq gətirməkdir.

    Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə Gülüstan sarayında “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışı zamanı deyib.

    Xidmət rəisinin sözlərinə görə, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası axtarışlar üçün yeni imkanlar yaradıb. Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə məzarların yerlərinin müəyyənləşdirilməsi, qazıntı, ekshumasiya və qalıqların eyniləşdirilməsi işlərini genişləndirib.

    İtkinlərin yaxın qohumlarından, ümumilikdə 11 566 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. Həmin məlumatlar şəxsiyyətin elmi əsaslarla müəyyənləşdirilməsi üçün mühüm bazadır.

    "2026-cı il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Azad edilmiş ərazilərdə aşkar olunan 32 kütləvi məzarlıqdan 253 şəxsə aid olduğu ehtimal edilən qalıqlar ekshumasiya edilib.

    İnsan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir. Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud pozuntularıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir. Məhkəmə molekulyar-genetik ekspertizaları nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 273 nəfərin qalıqları ailələrinə təhvil verilərək milli və dini ənənələrə uyğun dəfn edilib. Dəfn olunanların 225 nəfəri hərbçi, 48 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlıdır. Həmin nəticələr Prezident İlham Əliyevin xüsusi diqqəti, dövlət səviyyəsində aparılan sistemli iş və mütəxəssislərimizin əməyi sayəsində əldə edilib. Hər bir eyniləşdirmə bir ailənin illərlə cavabsız qalmış sualına cavabdır. Ailələrlə həssas ünsiyyət, onların müntəzəm məlumatlandırılması və dəstəklənməsi də işimizin ayrılmaz hissəsidir", - deyə general-polkovnik Əli Nağıyev bildirib.

    Azərbaycan regionda dayanıqlı sülhə və əməkdaşlığa xüsusi əhəmiyyət verir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Birgə Bəyannamənin imzalanması və Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması bu istiqamətdə mühüm addım olub. Saziş layihəsinin 9-cu maddəsində itkin şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlığın nəzərdə tutulması humanitar məsələlərin sülh prosesindəki yerini göstərir. Məlumat mübadiləsi, itkinlərin taleyinin müəyyənləşdirilməsi, qalıqların axtarılıb qaytarılması və istintaq tədbirləri üzrə əməkdaşlıq qarşılıqlı etimadı möhkəmləndirə bilər.

    Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çıxışı zamanı deyib.

    General-polkovnik Əli Nağıyevin sözlərinə görə, Dövlət Komissiyası 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar qurub, görüşlər və məlumat mübadiləsi aparıb: “Müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını, o cümlədən 104 nəfər barədə ətraflı məlumatı qarşı tərəfə təqdim etmişik.

    Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyata aldığı 54 vətəndaşımız haqqında da məlumat vermişik. Onlardan 17 nəfərin meyiti qaytarılıb. Saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin meyiti qaytarılmayıb, 4 nəfərin taleyi isə açıqlanmayıb. Bu ailələr hələ də cavab gözləyirlər.

    Biz azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi üçün müvafiq DNT nümunələrinin təqdim olunmasını da təklif etmişik. Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməniəsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında ekspertizalar uyğunluq müəyyən etməyib. Hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçün əməkdaşlığa hazırıq.

    Lakin nəticə əldə etmək üçün dəqiq və tam məlumat lazımdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır".

    ***

    10:09

    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində Gülüstan sarayında “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfrans işə başlayıb.

    Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edirlər.

    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub:

    "Hörmətli konfrans iştirakçıları!

    Sizi Bakı Dialoqu formatında keçirilən itkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsinə və effektiv mexanizmlərin inkişaf etdirilməsinə həsr olunmuş IV beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

    İtkin düşmüş şəxslər problemi silahlı münaqişələrin ən ağır nəticələrindən biridir. Biz bu məsələyə dünyanın müxtəlif bölgələrində insanların həyatına təsir edən ümumbəşəri humanitar problem kimi yanaşırıq.

    Münaqişənin bitməsinə baxmayaraq, itkin düşmüş şəxslərin taleyinin araşdırılması Azərbaycan dövləti üçün ən vacib məsələlərdən biri olaraq qalmaqdadır. Ölkəmizin təşəbbüsü ilə yaradılmış Bakı Dialoqu itkin düşmüş şəxslər məsələsində dövlətlərin, beynəlxalq təşkilatların və mütəxəssislərin səylərini birləşdirərək təcrübə mübadiləsi aparmaq və əməli əməkdaşlığı genişləndirmək, bu problemə beynəlxalq diqqəti artırmaq üçün əhəmiyyətli platforma olaraq çıxış edir.

    Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, eyni zamanda həyata keçirdiyi ardıcıl siyasət Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq üçün tarixi imkan yaratmışdır. 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, habelə iki ölkə arasında sülh sazişinin paraflanması bu istiqamətdə atılmış mühüm addım idi.

    Dayanıqlı sülhün bərqərar edilməsi siyasi razılaşmalarla yanaşı, etimadın möhkəmləndirilməsini və münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasını tələb edir. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir və ailələr qarşısında mənəvi məsuliyyətimizdir.

    Ermənistanın Azərbaycana qarşı otuz ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla, 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınmışdır. Təəssüflə qeyd edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər ərzində fəaliyyəti nəticə verməmişdir.

    Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açmışdır. Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyətini daha da genişləndirərək itkin düşmüş vətəndaşların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkar edilməsi məqsədilə intensiv tədbirlər həyata keçirir.

    İşğaldan azad edilmiş ərazilərimizdə indiyədək 32 kütləvi məzarlıq aşkar olunmuşdur. İnsan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir. Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir.

    Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək. İtkin düşmüş heç bir vətəndaşımız unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Bu faciə ilə üzləşmiş hər bir ailəyə hərtərəfli dəstək və qayğı göstərmək, onların acılarını bölüşmək mənəvi öhdəliyimizdir.

    İtkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin

    açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır.

    Hörmətli konfrans iştirakçıları!

    Azərbaycan 2002-ci ildən etibarən BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə təşəbbüsləri ilə çıxış edir. Hesab edirik ki, bu sahədə beynəlxalq səylərin daha da gücləndirilməsi vacibdir. BMT və digər aidiyyəti beynəlxalq təşkilatlar öz mandatları çərçivəsində axtarışlar, məlumat mübadiləsi, məhkəmə-tibbi ekspertiza imkanlarının inkişafı və ailələrə dəstəyin artırılması işində daha fəal olmalıdırlar.

    Bu xüsusda, effektiv mexanizmlər siyasi iradəyə, etibarlı məlumatlara və davamlı əməkdaşlığa əsaslanmalıdır. Müasir texnologiyaların tətbiqi, arxiv məlumatlarının əlçatanlığı, mütəxəssislərin hazırlanması və ailələrin müntəzəm məlumatlandırılması bu işin əsas istiqamətləridir. Bütün fəaliyyət insan ləyaqətinə və beynəlxalq humanitar hüquqa hörmət əsasında, ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməlidir. Azərbaycan bu məsələdə birgə təşəbbüslərə töhfə verməyə hazırdır. Bu baxımdan, problemə qlobal miqyasda daha böyük diqqətin ayrılması üçün BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılmasını zəruri hesab edirik.

    Əminəm ki, Konfrans çərçivəsində aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə və beynəlxalq humanitar əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir.

    Konfransın işinə uğurlar, hər birinizə səmərəli müzakirələr arzulayıram.

     

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 7 oktyabr 2026-cı il".

    Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir. Təcrübə göstərir ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsində real irəliləyiş əməkdaşlıq, şəffaflıq və dəqiq məlumatların vaxtında təqdim olunması olmadan mümkün deyil.

    Bu baxımdan, itkin düşmüş şəxslər haqqında dolğun məlumatların, o cümlədən kütləvi və fərdi dəfn yerləri barədə mövcud məlumatların təqdim edilməsinin, eləcə də münaqişə tərəflərinin itkinlərin axtarılması, aşkarlanması və identifikasiyası istiqamətində birgə humanitar fəaliyyət imkanlarının müzakirəsinə xüsusi diqqət yetiriləcək.

    Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.