IV Antalya Diplomatiya Forumunun rəsmi açılışı BİRBAŞA
YENİLƏNİB / FOTO
19:30
Aprelin 11-də Türkiyənin Antalya şəhərində “Antalya Diplomatiya Forumu”nun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Tədbirdə əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan giriş nitqi ilə çıxış edib. O, Forumun əhəmiyyətini vurğulayıb, tədbirdə çox nüfuzlu qonaqların iştirak etdiyini deyib.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Türkiyə dövlətinin başçısı hazırda dünyada mövcud olan problemlərin müzakirəsinin vacibliyini vurğulayaraq, bu baxımdan Forumun roluna toxunub.
Qeyd edək ki, qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan “Antalya Diplomatiya Forumu”nda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak edir.
Forum çərçivəsində müxtəlif formatlarda keçiriləcək 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılacaq.
***
16:04
Türkiyədə IV Antalya Diplomatiya Forumunun (ADF2025) rəsmi açılışı baş tutub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və ölkənin Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə keçirilən tədbir bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusuna həsr edilib.
4 mindən çox qonağın qatıldığı ADF2025-ə dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı qatılıb. Forumda 50-dən çox ölkənin xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazir iştirak edir. Tədbirə həmçinin 60-a yaxın beynəlxalq təşkilatın nümayəndələri qatılıb.
Üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlərin, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə olunacağı 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.
***
14:14
Dördüncü Antalya Diplomatik Forumu (ADF2025) Türkiyənin Antalya şəhərinin Belek kurort qəsəbəsində “Parçalanmış dünyada diplomatiyanın bərpası” mövzusu ilə açılıb.
IV Antalya Diplomatik Forumu çərçivəsində Monteneqro Prezidenti Yakov Milatoviç, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Bolqarıstanın Baş naziri Rosen Jelyazkovun iştirakı ilə regional və qlobal məsələlərin müzakirə olunduğu ilk panel iclası keçirilib.
Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun moderatorluğu ilə keçirilən iclasda çıxış edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ankaranın Tbilisinin etibarlı və strateji müttəfiqi olduğunu bildirib. O məlumat verib ki, Gürcüstan 50 ölkə ilə ticarət sazişləri imzalayıb, Avropa ilə Asiya arasında mühüm nəqliyyat marşrutunun bir hissəsinə çevrilib. İrakli Kobaxidze vurğulayıb ki, Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi böyük əhəmiyyətə malikdir və Ankara bu prosesdə fəal rol oynayır. Gürcü siyasətçi deyib: “Türkiyə sülhsevər vizyona sahib olan, inkişaf və tərəqqini dəstəkləyən bir ölkədir. Biz də Ankaranın bu səylərini dəstəkləməkdə davam edəcəyik. Sülh və iqtisadi inkişaf ölkəmizin siyasətinin prioritet istiqamətləridir”.
Bolqarıstanın Baş naziri Rosen Jelyazkov çıxışında qeyd edib ki, qlobal miqyasda çoxtərəfliliyin bərqərar olduğu bir şəraitdə ən mühüm amil ölkələr və xalqlar arasında qeyri-bərabərliyin aradan qaldırılması, yeni dünya nizamında bütün dövlətlərin hüquqlarına hörmət edilməsidir. Onun sözlərinə görə, yeni qlobal proseslər və reallıqlar konfrontasiya deyil, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir fürsət olmalıdır. “Çünki bəşəriyyətin başqa alternativi yoxdur. Ölkələr öz maraqlarına uyğun siyasət yürüdür və bu, təbiidir. Amma başqalarının hüquqlarını da pozmamaq çox vacibdir”, -deyə Bolqarıstanın Baş naziri vurğulayıb.
Monteneqro Prezidenti Yakov Milatoviç Osmanlı imperiyasının varisi olan Türkiyənin Balkan ölkələri ilə sıx əlaqələrinə diqqət çəkərək qeyd edib ki, Ankara yeni reallıqlar şəraitində bu dövlətlərlə münasibətləri daha da intensiv hala gətirir. Onun sözlərinə görə, Türkiyə dünya diplomatiyasında üzərinə daha böyük vəzifələr götürəcək bir mövqeyə malikdir. “Əlverişli coğrafi şəraitdə yerləşən, üç qitənin tam mərkəzində olan Türkiyə qlobal problemlərin həllində, Şərq ilə Qərb arasında ziddiyyətlərin aradan qaldırılmasında daha mühüm aktora çevrilə bilər”, -deyə Monteneqro Prezidenti əlavə edib.
***
Forumda 140 ölkədən 450-yə yaxın nümayəndə həm müasir şəraitdə dialoqun qurulması məsələlərini, həm də müxtəlif regionlarda münaqişələrin həlli yollarını müzakirə edəcək. Bu forumun yüksək səviyyəli qonaqlarından biri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa olacaq. Onun sessiyalarda iştirakı və bir sıra ikitərəfli danışıqlar aparacağı gözlənilir.
Tədbirdə iştirak edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiyanın xarici siyasət rəhbəri Sergey Lavrovla görüşəcək.
Ümumilikdə forumda müxtəlif formatlarda 50-yə yaxın sessiyanın keçirilməsi nəzərdə tutulur. Mövzuların çeşidi müxtəlif regionlardakı vəziyyəti əhatə edir: Yaxın Şərqdən Asiya-Sakit okean regionuna, Afrikadan Latın Amerikasına qədər. Qlobal gündəm, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə və humanitar problemlər də diqqət mərkəzində olacaq.
Forum çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi keçiriləcək. Müzakirələrdə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov, Maka Boçorişvili və Ararat Mirzoyan iştirak edəcəklər.
İştirakçıların Cənubi Qafqazdakı cari prosesləri müzakirə edəcəkləri, həm regional əməkdaşlıq yolunda mövcud maneələrə, həm də perspektivlərə diqqət yetirəcəkləri gözlənilir.
Ankaranın birbaşa xarici siyasət maraqları sferasına daxil olan məsələlərə xüsusi diqqət yetirilməsi planlaşdırılır. Forumda Hakan Fidanın İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza zolağı üzrə təmas qrupunun iclasında iştirakı gözlənilir.
Üçtərəfli məsləhətləşmə mexanizmi çərçivəsində Türkiyə, Bosniya və Herseqovina və Xorvatiya xarici işlər nazirlərinin görüşü keçiriləcək. Türkiyə-İraq təhlükəsizlik mexanizmi ilə bağlı yüksək səviyyəli görüş də baş tuta bilər.
Təşkilatçılar bildiriblər ki, forum iştirakçıları arasında 20-dən çox dövlət və hökumət başçısı, 2 parlament sədri, 74 nazir, 23 nazir müavini və 11 parlament üzvü var.
Forumun işini 50 ölkədən minə yaxın jurnalist işıqlandıracaq. ADF2025, sahilə yaxın yerləşən Belekdəki (Antalyaya yaxın) Nest Konqres Mərkəzində keçiriləcək. Mərkəzə yaxınlaşan yerlərdə və onun ərazisində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Bundan əlavə, sahil mühafizəsi təhlükəsizliyi təmin edir: onun patrul katerləri Belek sahillərində xidmət göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir.