XƏBƏRLƏR / Media

Jurnalistlərin gəlirləri vergidən azad edilir

Bu məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb

Jurnalistlərin gəlirləri vergidən azad edilir
  • Oxuma müddəti:

    11 dəqiqə

  • Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizi hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək.

    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azad ediləcək.

    Qeyd edilib ki, 01.01.2024-cü il tarixdən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin qüvvədə olan redaksiyasına əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərin 75 %-i gəlir vergisindən azad edilib. Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vardır ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş verginin ödəyicisi ola bilmirlər. Həmin şəxslər fərdi qaydada fəaliyyət göstərdikləri üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəştdən də istifadə edə bilmirlər. Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarların illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə ədalətli vergitutmanın tətbiq edilməsinin təmini məqsədilə həmin şəxslərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) gəlir vergisindən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif edilir.

    Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

    ***

    Növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikrosahibkar fiziki şəxslərin əldə etdiyi gəlirlərin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

    Qeyd edilən xidmət sahələri aşağıdakılardır:

    - Proqram təminatının işlənməsi;

    - layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;

    - tərcümə xidmətləri;

    - reklam xidmətləri;

    - araşdırma və tədqiqat sahəsində fəaliyyət;

    - elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;

    - Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;

    - Jurnalistlərin fəaliyyəti;

    - Bazar konyukturunun öyrənilməsi;

    - Qiymətləndirmə fəaliyyəti;

    - Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti;

    - Turizm bələdçiliyi;

    - İxrac xidməti.

    Xatırladaq ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azad edilib.

    Əlavə edək ki, təklif edilən güzəştlər yalnız fiziki şəxslərə aiddir, hüququ şəxslər isə əvvəlki qaydada (yəni il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər.

    Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

    ***

    Azərbaycanda teatr və kino sənətinin, muzey və simfonik orkestr fəaliyyətinin inkişafına dövlət dəstəyinin bir forması kimi vergi güzəştləri təklif edilir.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

    Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər aşağıdakılardır:

    - fiziki şəxs olan istehlakçılar tərəfindən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin həmin şəxslərə geri qaytarılması;

    -qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalı və dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri mənfəətinin 90 faizinin 5 il müddətinə mənfəət vergisindən azad olunması;

    - film istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizinin 5 il müddətinə gəlir vergisindən azad olunması;

    - teatr, muzey, simfonik orkestr, habelə film istehsalı və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserlərinin bu fəaliyyət sahələrinin həyata keçirildiyi obyektlərinin yerləşdiyi torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azad edilməsi;

    - teatr, muzey, simfonik orkestr, habelə filmin istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması və yaxud istifadə hüquqlarının verilməsinə görə, royalti gəlirlərinin 5 il müddətinə 14% dərəcə ilə ödəmə tətbiq edilən vergidən azad edilməsi təklif edilir.

    Vergi Məcəlləsinə dəyişikliklər qəbul ediləcəyi halda bu müddəalar 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

    ***

    Dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilir.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qanun qəbul ediləcəyi təqdirdə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

    ***

    Əcnəbilərə və vətəndaşlığı olmayanlara göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV geri qaytarılacaq.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

    Layihəyə əsasən, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin geri qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

    Qeyd edilib ki, bir sıra xarici ölkələrdə tibb xidmətləri üzrə ölkə daxilində ƏDV-dən azad olma, əcnəbi şəxslərə münasibətdə isə ƏDV-dən azad olma, sıfır dərəcə və ya differensial dərəcə, habelə ƏDV-nin geri qaytarılması (cashback) mexanizmi tətbiq edilir.

    Ölkə daxili və xarici ölkələrin təcrübələrinin araşdırılması nəticəsində tibb turizminin inkişafı və ölkəyə valyuta calb olunmasının stimullaşdırılması məqsədilə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə ƏDV tax-free rejimin tətbiqi təklif edilir.

    Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

    ***

    Ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

    Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı - 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad olunacaq.

    Vergi Məcəlləsinin 164.1.41-3-cü maddəsinin qüvvədə olan redaksiyasına əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib.

    Avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə müvafiq azadolmanın ölkə ərazisində avtobus istehsalına da şamil olunması təklif olunur.

    Ölkə Prezidentinin 1 iyul 2022-ci il tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların Siyahısı"na əsasən, minik avtomobillərinin ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edildiyini nəzərə alaraq, eyni yanaşmanın istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalına da tətbiqi nəzərdə tutulur.

    “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumlarından azad edilir.

    Hər iki qanun qəbul ediləcəyi təqdirdə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.